"Balın saxtalığını yalnız bir yolla öyrənmək mümkündür"- AÇIQLAMA




Bakıda növbəti bal yarmarkası keçirilir. AFN-in məlumatına görə, ölkənin müxtəlif bölgələrindən gətirilən bal və digər arıçılıq məhsullarının ümumi dəyəri təxminən 2.5 milyon manatdır. Bir kiloqram balın qiyməti 10-50 manat arası dəyişir. Sentyabrın 18-dək davam edəcək yarmarkada hər növ bala rast gəlmək mümkündür. Qiymət münasib, seçim isə bol olunca, müştərini yalnız bir sual düşündürür: "Piştaxtaya düzülən bütün ballar təmiz və keyfiyyətlidir?"



Elə bu sualla da Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat xidmətinə müraciət etdik. AFN-ə açıqlama verən mətbuat katibi Elvin Bayramlı bildirdi ki, yarmarkada satışa çıxarılan bütün ballar keyfiyyətlidir: "Piştaxtaya düzülmədən əvvəl bütün məhsullar yoxlanılır və kodlaşdırılır. Hətta heç kəs öz balının kodunu bilmir. Sonra məhsullar Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilir. Yalnız yoxlamadan təmiz çıxan ballar satışa buraxılır. Yarmarkaya dolayı yollarla saxta bal daxil etmək mümkün deyil. Hər tərəfə müşahidə kameraları quraşdırılıb. Eləcə də “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin çoxsayda əməkdaşı satışa ciddi nəzarət edir. Kimsə yarmarkaya bir kiloqram da saxta bal keçirə bilməz".

Söhbət əsnasında, balın təmizliyinin yoxlanılması barədə də maraqlandıq. E.Bayramlı qeyd etdi ki, bunu yalnız laboratoriya şəraitində öyrənmək mümkündür: "Adətən məhsulun saxta olub-olmadığını müəyyən etmək üçün fərqli üsulların olduğunu deyirlər. Amma bunların heç biri doğru deyil. Balın tərkibini yoxlamağın yeganə yolu laboratoriya təhlilidir".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu