Xəyalınızdakı saça belə sahib olun
Uzun, sağlam və parlaq saçlar çox qadının arzusudur. Bəs belə bir gözəlliyə necə sahib ola bilərik? Cavab həm asan, həm də çətindir: doğru qulluq! Bəli, saç da canlı olduğu üçün ona düzgün yanaşmaq çox önəmlidir. Hər şeydən öncə, öz saçımızı tanımayıq. Quru, yağlı, yoxsa normaldı? Həmçinin saç tüklərinin incə, yaxud da qalın olmasının böyük əhəmiyyəti var. Çünki hər saç tipinə uyğun qulluq və kosmetik vasitələr var. Siz yağlı saç üçün nəzərdə tutulan şampundan quru tükləriniz üçün istifadə edirsinizsə, problem yaşamağınız normaldır. Odur ki, saça qulluq şampunun doğru seçilməyi ilə başlayır.
Arzunuz həcmli saçdırsa, tərkibi proteinlə zəngin olan məhsul seçməyiniz məsləhətdir. Çünki bu maddə tükün gövdəsinə yapışaraq, yuyulmadan sonra da saçda qalır. Bu isə saçın daha qalın və həcmli görünməyinə səbəb olur.
Kremli şampunlar isə qalın və cod tükləri olan saçlar üçündür. Krem tükləri ağırlaşdıraraq, "yatırdır". Həmçinin saçın yağlılığını artıraraq, sığallı edir. Odur ki, həcmli saç istəyənlər üçün kremli şampun yanlış seçimdir.
Saçın yaxşı qidalanmasını və tez uzanmasını istəyirsinizsə, eyni tərkibli şampundan uzun müddət istifadə etməyin. Çünki hər yuyucu vasitədə tərkibinə uyğun vitamin var. Davamlı olaraq, eyni şampunla yumaq, eyni vitamin qəbul etmək deməkdir. Arada şampunu dəyişmək lazımdır ki, saç başqa vitaminlərlə də qidalansın.
Eləcə də saçqıranlardan xilas olmaq faydalıdır. Çünki tüklərin ucdan haçalanması həm saçın uzanmasına maneə olur, həm də baxımsız göstərir.
KÖNÜL