Ana ölümünün əsas səbəbi yanlış diaqnozdur - MÜSAHİBƏ




AFN ginekoloq- cərrah Cəmalə Hacıyevanın müsahibəsini təqdim edir:



- Cəmalə xanım, ildən-ilə qeysəriyyə əməliyyatlarının sayı çoxalır. Bu artımın səbəbi nədir?

- Qeyd etdiyiniz kimi, son illər hamilələr qeysəriyyə əməliyyatına daha çox üstünlük verirlər. Bu onların öz seçimidir. Biz həkim olaraq, kiminsə qərarına müdaxilə edə bilmərik. Səbəb isə çoxdur. Qadınlar təbii doğuşun risklərindən ehtiyat edərək, əməliyyat olunmaq istəyirlər. Çox vaxt təbii doğuşdan sonra vaginal genişlənmə, uşaqlığın sallanması, sidikqaçırma, hemorroid kimi problemlər yaranır. Bu hallarla üzləşməmək üçün təbii doğuşdan imtina edirlər. Bəzi hamilələr isə doğuş əziyyəti, sancısı çəkməmək üçün asan yolu seçirlər.

- Həkim olaraq, təbii doğuşun, yoxsa əməliyyatın tərəfdarısınız?

- Təbii doğuşun. Əgər hamilənin səhhətində problem, doğuşla bağlı əks-göstəriş yoxdursa, biz təbii yolu tövsiyə edirik. Yuxarıda sadaladığım doğuş travmalarını yaşamamaq üçün peşəkar həkimlərə müraciət etmək önəmlidir. Əlbəttə ki, hər işdə risk ehtimalı var. Amma mütəxəssisin gördüyü iş daha keyfiyyətli, risk isə az olur. Hamiləliyin son aylarında pasientlərlə söhbət edir, doğuşla bağlı bütün suallarına cavab verməyə çalışırıq. Çünki istər doğuş, istərsə də əməliyyatı seçən qadınlar psixoloji cəhətdən də buna hazır olmalıdır.

- Hansı hallar qeysəriyyə əməliyyatı üçün göstərişdir?

- Hamilələr müayinə olunduqdan sonra seçim edirlər. Məsələn, çanaq dar, uşağın çəkisi isə çoxdursa, travma risklərini nəzərə alaraq, əməliyyatın üzərində dayanırıq. Eləcə də anada nevroloji rahatsızlıq, uşaqlıqda çapıqlar varsa, təbii doğuş həyata keçirilmir. Bilirsiniz, bütün hallarda əsas hədəf ana və uşağın sağlamlığıdır. Biz bu məqsədə uyğun olaraq, doğru seçim etmələrinə köməklik göstəririk.

- Sizin təcrübənizdə hansı seçim çoxluq təşkil edir?

- Mənim pasientlərim arasında təbii doğuşu seçənlər çoxdur. Biz onlara ehtiyat etdikləri problemlərlə qarşılaşmayacaqları barədə söhbətlər edirik. Peşəkar çalışma ilə zədəsiz, daha sağlam nəticə əldə etmək mümkündür. Bunu onlara ətraflı şəkildə izah edirik. Nəticə etibarı ilə təbii yola üstünlük verirlər.

- Niyə son illər ana ölümü artıb? Bunun səbəbi nədir?

- Yanlış diaqnoz və seçim! Hamilə vaxtlı-vaxtında müayinələrdən keçməli, doğumdan öncə diqqətli şəkildə yoxlanmalıdır. Bəzən qeysəriyyə göstəriş olduğu halda, təbii doğuşla uşaq dünyaya gətirirlər. Bu da faciə ilə nəticələnir. İndiyədək şəxsi təcrübəmdə ölüm faktı olmayıb. Doğru qərar verməyin həyati əhəmiyyəti var. Məsələn, ürək-damar xəstəlikləri, varikoz genişlənməsi olan hamilələrə təbii doğuşu tövsiyyə etmirik. Çünki doğum zamanı damarda olan tromb yerini dəyişərək, ürəyə doğru irəliləyir. Nəticədə isə ana ölümü baş verir.

- Qeysəriyyə əməliyyatı keçirən qadınlara hansı tövsiyələriniz var?

- Təbii doğuşlarda olduğu kimi, qeysəriyyə əməliyyatı olan pasientlərimizi də eyni qaydada evə yazırıq. Yəni heç bir özəl göstəriş yoxdur. Onlar da 40 gün zahılıq dövrü keçirirlər. Bu perioda diqqət yetirilməlidir. Başqa xüsusi bir tövsiyyəmiz yoxdur.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu