Efirdə söyüş söyən müğənnilərlə bağlı MƏHKƏMƏ QƏRARI
"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, vətəndaş Rahim Sadıqlının R.İlyasov və R.Axundova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət əsassız olduğundan, məhkəmə tərəfindən icraata qəbul edilməyib. R.İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.
Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilib.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.