Heydər Əliyev Fondu və MOM-un birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib- FOTOLAR
Şəki- Zaqatala bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Milli Onkologiya Mərkəzinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən profilaktik müayinə günləri başa çatıb.
AFN xəbər verir ki, aprelin 26-dan mayın 4-dək olan müddət ərzində Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə əhalisini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mammoqrafiya, ultrasəs və rentgen müayinələrindən keçiriblər.
Son olaraq mayın 4-də Şəkidə 866 nəfər pasiyent onkoloji tibbi müayinədən keçirilib. Beləliklə, 9 günlük profilaktik müayinə prosesində bölgənin ümumilikdə 3708 sakini sağlıq durumları haqqında ixtisaslı, dəqiq və operativ məlumatlar əldə edib.
Mayın 4-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında profilaktik müayinələr zamanı şiş xəstəliyinə şübhə aşkar edilmiş iki nəfər üzərində açıq cərrahiyyə əməliyyatı aparmaq qərara alınıb. Milli Onkologiya Mərkəzi tərəfindən Şəki rayonundan olan iki sakinin qalxanvari vəz nahiyəsində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Əməliyyat ağır və mürəkkəb şəraitdə keçirilsə də, onların həyati təhlükə mənbəyini aradan qaldırmaq mümkün olmuşdur. Hər iki xəstə özünü çox yaxşı hiss edir, sağlamlıqları ilə bağlı heç bir narahatlıq yoxdur.
Elə həmin gün Şəkidə Heydər Əliyev Mərkəzində skrininq proqramı çərçivəsində H. Əliyev Fondunun və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. Milli Onkologiya Mərkəzi Baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev ölkəmizdə onkologiya sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.
Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi həkimlərinin “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sinonazal və intrakranial yerləşmiş törəmələrə endonazal endoskopik yanaşma“, “Uşaqlıq boynu xərçənginə müasir yanaşma“, “Süd vəzi xərçəngi:epidemiologiya, risk faktorları, diaqnostikası”, “Azərbaycanda uşaq onkologiyasının inkişafı” və digər mövzularında çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir innovativ yanaşmaları özündə əks etdirən çıxışlar böyük maraqla qarşılanıb.
Konfransda Şəki -Zaqatala bölgəsində, eləcə də qonşu Ucar, Göyçay, Ağdaş, Mingəçevir, İsmayıllı və Yevlax rayonlarında çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahlar iştirak ediblər.
"Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi" və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə əhali arasında skrininq proqramlarının Azərbaycanın digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.