Xalidə Bayramova Elinanı videoya özünün çəkdiyini etiraf etdi- AÇIQLAMASI




Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.

AFN xəbər verir ki, o, Meydan TV-yə yazılı açıqlama göndərib.

Həmin açıqlamanı təqdim edirik:

“Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu