Dollar 1,97 manat olacaq?- Ekspertlərin rəyi
“Standard&Poors” (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamasına görə, Azərbaycanda 2019-cu ilin sonunda dollar/manat məzənnəsi 1.79 manata, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaq.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Xeberlent.az-a bildirdi ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçsə o zaman baş verəcək.
Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bu məsələdə ilk növbədə neft qiymətləri əsas götürülür:
“Məlumatda qeyd olunur ki, 2015-ci ildəki səhvləri hökumət təkrarlamayacaq. Yəni, valyuta ehtiyatlarından manatın məzənnəsini sabit saxlamaq üçün inzibati qaydada istifadə etməyəcək. Ona görə də məzənnənin daha “oynaq” olmasına gedəcək. Bu, çox maraqlıdır. Çünki Azərbaycan hökuməti və Mərkəzi Bank israrla deyirdi ki, Azərbaycandakı üzən məzənnədir. Amma ən azı 2018-ci ildə Mərkəzi Bank açıqlamalarında üzən məzənnə sözündən də çəkinir və bunu işlətmirdi. İnzibati qaydada məzənnənin tənzimlənməsi və neft qiymətlərinə paralel olaraq Azərbaycanda da manatın məzənnəsinin düşmə ehtimalının çox yüksək olduğu qeyd edilir. Bunu dəfələrlə biz də vurğulamışıq ki, Azərbaycanda manatın taleyi daha çox neftdən asılıdır. Bakı -Tiflis -Ceyhanın işə düşməsindən 15 il keçib. Azərbaycan hökumətinin ən böyük səhvi budur ki, bu illər ərzində qeyri-neft sektorunda ciddi irəliləyiş olmadı, neftdən asılılıq bu qədər kəskinləşdi. İndi Azərbaycanda bütün makroiqtisadi göstəricilər, o cümlədən manatın taleyi dünya bazarlarında neftin qiymətinə bağlı olaraq qalıb”.