Ölkədə dollar ajiotajı - Devalvasiya gözlənilirmi?
Ölkədə dollar ajiotajı yaranıb. Artıq qara bazarda dolların 1,74 manata satılması ilə bağlı həyəcanlı xəbərlər yayılmaqdadır. Mərkəzi Bank isə bu gün yaydığı açıqlamada narahatlıq üçün əsas olmadığını bildirib:
"Son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib. Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, OPEC+ son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcəkdir”.
İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya verdiyi açıqlamada bu il üçün devalvasiya ehtimallarını dəyərləndirib. Onun sözlərinə görə, devalvasiya üçün iqtisadi əsaslar olsa da, Azərbaycanda manatın məzənnəsinin azalacağını proqnozlaşdırmaq çətindir: "Çünki devalvasiya siyasi qərarla tənzimlənir. İqtisadi məsələ deyil ki, hansısa iqtisadi parametrlərlə ölçülməsi mümkün olsun. Azərbaycanda inzibatı məzənnə rejimidir. Ona görə də devalvasiya ilə bağlı siyasi qərar verilir. Gözlənti varmı və buna əsas varmı? Əlbəttə, var. Bunun üçün kifayət qədər əsas var. Həm qonşu ölkələrin milli valyutalarının dəyərdən düşməsi, neftin qiymətlərinin oynaq olması, 2020-də Azərbaycanın xarici ticarət balansı ilə bağlı kifayət qədər mənfi göstəricilər və s. bu kimi iqtisadi əsaslar var. Amma devalvasiya hakimiyyətin alacağı siyasi qərardan asılı olacaq. Zamanlama problemi var. Yəni siyasi qərar olacağı üçün, devalvasiyanın nə vaxt olacağı bilinmir. Fikrimcə, yaxın gələcəkdə manatın məzənnəsi ilə bağlı qaçılmaz bir vəziyyət yaranacaq ki, hakimiyyət bu istiqamətdə müəyyən addımlar atacaq. Bunun nə vaxt olcağını söyləmək çətindir. Bu qərarverənlərdən asılıdır”.
Ekspert hesab edir ki, ölkədə dollar qıtlığı yaratmaqla, dollar satışına əngəllər yaratmaqla devalvasiyanın qarşısını almaq çox səhv yanaşmadır: "Bu, qara bazarın da çiçəklənməsinə səbəb olur. İş adamlarına da zərbə vurur. Devalvasiya olmayacaq deyən Mərkəzi Bank bu zaman ölkənin bütün banklarında və valyutadəyişmə məntəqələrində limitsiz valyuta satışına imkan yaratmalıdır. Əgər bu imkan yaradılmırsa, deməli, devalvasiya gözləntilərini özləri formalaşdırır…”
İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, yaxın aylarda devalvasiya gözlənilmir: "Ən azı I rübdə məzənnə dəyişikliyi gözləmirəm. Sonrakı dövrlərdə dünyada və ölkədə gedən proseslərə uyğun olaraq gözləntimizi korrektə edə bilərik”.
Ekspertin fikrincə, manatın məzənnəsini sabit saxlamaq üçün Mərkəzi Bankın kifayət qədər resursu var: "Ancaq bunun nə qədər məqsədəuyğun olub-olmadığı müzakirə edilməlidir”.