Prezident struktur islahatlarının anonsunu verdi: Hansı nazirliklər və komitələr ləğv ediləcək?




Xeyli sayda qurumun ləğv edilərək bir nazirlikdə birləşdirilməsi haqda təkliflər var…



Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir.

Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib. Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Ölkəmizdə dövlət idarəetməsində hansı struktur islahatlarına, hansı qurumların birləşdirilməsinə və ya ləğvinə ehtiyac olması ilə bağlı ekspertlərin də maraqlı yanaşması və təklifləri var.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, dövlət başçısının söylədiyi fikirləri tam dəstəkləyir: “Bizim hazırkı idarəçilik strukturu ölkə başçısının da dediyi kimi, günün tələblərinə, standartlara cavab vermir. Azərbaycan kiçik bir ölkədir, burada bu qədər bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına ehtiyac yoxdur. Dövlət başçısı da vurğulayır ki, daha çevik və effektiv idarəçilik qurulmalıdır. Nazirliklərin, komitələrin və agentliklərin sayı azaldılmalıdır. Xarici təcrübədə də bu cür qurumların sayı azdır”.

Ekspertin fikrincə, dövlətin ən vacib strukturu olan maliyyə blokunda bir neçə oxşar strukturları Maliyyə Nazirliyinin tərkibində birləşdirmək lazımdı: “Həmin qurumlar Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərsələr, daha məqsədə uyğun olar. Dövlət Sosial Müdafiə Fondunu da ya Maliyyə Nazirliyinin tərkibinə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdirmək mümkündür”.

Ə.Həsənovun fikrincə, Dövlət Neft Fondunu Mərkəzi Bankın tərkibinə vermək lazımdı: “Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri də var, ancaq faktiki Neft Fondunun gördüyü işi də görür. Bu baxımdan Neft Fondunu ləğv edib onun aktivlərinin idarəedilməsini Mərkəzi Banka vermək olar”.

“Bu cür paralel strukturların olması dövlət büdcəsinin xərclərinə necə təsir edir” sualına gəlincə, müsahibimiz bildirdi ki, ilk növbədə bu qurumların hər birinin inzibati binası və onun saxlanılma xərcləri var: “Bundan əlavə, hər qurumda kadrlar idarəsi, hüquq idarəsi, mətbuat xidməti, xarici səfərlər, ezamiyyə xərcləri və sair var ki, bütün bunlar lazımsızdır. Diasporla İş üzrə Dövlət Komitəsini də Xarici İşlər Nazirliyinə vermək lazımdır. Azərbaycan o qədər böyük ölkə deyil ki, ona xarici siyasətdə bir neçə qurum lazım olsun. Bu komitə Xarici İşlər Nazirliyinin bir departamenti ola bilər. Onsuz da bizim hər bir ölkədə səfirliyimiz var. Təsəvvür edin ki, ABŞ kimi böyük ölkənin belə bir komitəsi yoxdur. Xarici İşlər Nazirliyi bütün bu işləri həyata keçirir. İki istiqamətdə hərəsi öz xətti ilə xarici ölkələri gəzirlər, onların illik aviaxərclərini, ezamiyyət xərclərini ixtisar eləsək, dövlət büdcəsinə faydalı olar”.

Əkrəm Həsənov deyir ki, iqtisadi blokda 3 nazirlik var ki, hər biri iqtisadiyyatla məşğuldur: “İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyi. Bunların hamısını İqtisadiyyat Nazirliyində birləşdirmək daha məqbuldur”.

“Ancaq qeyd etdiyiniz nazirliklərdə çox uğurlu kadrlar var” fikrinə Ə.Həsənov belə cavab verdi: “Bəli, mən xüsusi vurğulamaq istəyirəm ki, burada söhbət kadrlardan, yəni nazirlərdən getmir. Məsələn, kənd təsərrüfatı naziri haqqında çox yüksək fikirdəyəm. Hesab edirəm ki, belə bir birləşdirilmiş nazirliyə məhz o, daha çox layiqdir. Demək istədiyim odur ki, adını çəkdiyim bütün nazirliklərdə söhbət nazirdən deyil, strukturdan gedir. Birləşdirilmiş nazirliyə kimin başçılıq edəcəyi başqa bir mövzudur. Bu, ölkə prezidentinin səlahiyyətində olan bir məsələdir. Sadəcə biz ekspert kimi təkliflərimizi səsləndiririk. İqtisadiyyat Nazirliyinə hətta Dövlət Əmlak Komitəsini də birləşdirmək olar. Vaxtilə Əmlak Komitəsi elə İqtisadiyyat Nazirliyinin tərkibində idi”.

Ekspert bildirir ki, dövlət ali məktəbləri də həddindən artıq çoxdur: “Hər bir nazirliyin nəzdində özünün ali məktəbi var. Neftlə bağlı həm Neft Akademiyası, həm də Ali Neft Məktəbi var. Hamısı dövlət üçün əlavə xərcdir. Bunları birləşdirmək lazımdır. Hər dövlət orqanının nəzdində ayrıca ali məktəbə ehtiyac yoxdur”.

Ə.Həsənovun fikrincə, Ombudsman Aparatı özünü doğrultmayan bir dövlət qurumu kimi ləğv edilməlidir, çünki heç bir fəaliyyəti yoxdur: “Əgər məhkəmə sistemini möhkəmləndirsək, Ombudsmana da ehtiyac olmaz. Bu da dövlət üçün əlavə xərcdir”.

Əkrəm Həsənov struktur islahatlarının bir qolu kimi “Azərişıq”, “Azəriqaz”, “Azərsu” kimi qurumların özəlləşdirilməsinə münasibət bildirərkən deyib ki, bu sektorda da özəlləşdirməyə ehtiyac var: “Beynəlxalq təcrübə belədir ki, su, qaz, işıq və sairin istehlakçıya çatdırılması ilə özəl şirkətlər məşğul olmalıdırlar. Doğrudur, neftin, qazın, elektrikin istehsalı ilə dövlət şirkətləri məşğul olurlar. ”Azərenerji”, Dövlət Neft Şirkəti və sair, bu, normaldır. Ancaq onu istehlakçıya özləri satmamalıdırlar. Çünki kommunal xidmətlərin satışı ilə məşğul olan qurumlar dövlət büdcəsi üçün çox böyük yükdür və burada effektiv idarəetmə yoxdur. Xarici təcrübə artıq bunu göstərir ki, kommersiya mahiyyəti olan qurumlar dövlət qurumu kimi fəaliyyət göstərəndə orada daim yeyinti, israfçılıq olur. Çünki rəhbərlik ona öz malı kimi baxmır. Ancaq bu özəlləşdirmə prosesi ikinci mərhələdə həyata keçirilməlidir. Bütün bu islahatları eyni vaxtda aparmaq dövlət idarəetməsi üçün problem yarada bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu