Gürcüstanda qripdən daha bir nəfər öldü
Tbilisidə 26 yaşlı gənc qadın qrip virusunun qurbanı olub. O, Tbilisidəki Quduşauri Milli Tibbi Mərkəzində müalicə edilirdi.
Bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, qadın bir neçə gün öncə dünyaya uşaq gətirib. Hələlik onun H1N1 (donuz qripi) virusundan ölməsi laboratoriyada təsdiq edilməsə də, həkimlər qadının qripdən müalicə olunduğunu bildiriblər.
AzərTAc xatırladır ki, Gürcüstanda son bir ayda 15 nəfər donuz qripindən həyatını itirib. Mütəxəssislərin fikrincə, onların ölümünə əsasən həkimə gec müraciət etmələri səbəb olub.
Gürcüstanın səhiyyə naziri David Sergeyenko bildirib ki, bu gün ölkə xəstəxanalarında 640 nəfər qrip virusundan müalicə alır. Onlardan 42-si reanimasiya şöbəsindədir. Həmin xəstələrin müalicə xərclərini dövlət öz üzərinə götürüb.