Banqladeşdəki qızılcadan ölən uşaqların sayı 712-yə yüksəlib
Banqladeşdə davam edən epidemiyada son 24 saat ərzində daha 4 uşağın qızılca şübhəsi ilə həyatını itirməsi nəticəsində can itkisinin 712-yə yüksəldiyi bildirilib.
AFN.az xəbər verir ki, "Dhaka Tribune" qəzetinin yaydığı məlumata görə, Banqladeş Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xidmətləri Baş Müdirliyindən (DGHS) verilən açıqlamada ölkə daxilində son 24 saatda daha 4 uşaq qızılca şübhəsi ilə dünyasını dəyişib.
Bununla da ölkə miqyasında davam edən qızılca epidemiyası səbəbindən həyatını itirən uşaqların sayı 712-yə çatıb.
Bundan əlavə, son 24 saat ərzində 941 yeni şübhəli qızılca hadisəsi aşkar edilib və ölkədə ümumi şübhəli halların sayı 99207-yə yüksəlib.
Aprelin 10-dan bəri qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82844-ə çatıb ki, onlardan da 79152-si müalicələrinin ardından evə buraxılıb.
Qeyd edək ki, Banqladeşdə hökumət aprelin 7-də qızılca şübhəsi ilə çox sayda uşağın həyatını itirməsindən sonra təcili peyvəndləmə kampaniyasına başlanılması barədə qərar qəbul etmişdi.
Pnevmoniya və ensefalopatiyaya yol aça bilən qızılca dünya miqyasında peyvəndlə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.



