ABŞ-da sosial media asılılığı məhkəməsi: Yutub 15 yaşlı yeniyetmə ilə razılığa gəldi
Google şirkətinin video platforması Yutub Floridada yaşayan 15 yaşlı yeniyetmənin sosial media asılılığı yaratmaq iddiası ilə açdığı məhkəmə işində qarşılıqlı razılığa gəlib.
AFN.az xəbər verir ki, bu addım uşaqlarda psixi sağlamlıq böhranına səbəb olmaqda ittiham edilən onlayn platformalara qarşı hüquqi təzyiqlərin artdığı bir dövrə təsadüf edir.
Məhkəmə sənədlərində adı R.K.C. kimi qeyd olunan yeniyetmə Yutub və digər sosial media şirkətlərinin öz platformalarını qəsdən asılılıq yaradacaq şəkildə dizayn etdiklərini irəli sürüb.
Google sözçüsü Xose Kastanyeda məsələ ilə bağlı etdiyi açıqlamada problemin dostyana şəkildə həll olunduğunu və şirkətin yaşa uyğun məhsullar ilə valideyn nəzarəti funksiyalarını təkmilləşdirməyə diqqət yetirməkdə davam etdiyini bildirib.
Razılığın əldə olunmasına baxmayaraq, R.K.C.-nin Instaqram-ın ana şirkəti Meta, TikTok və Snap Inc-ə qarşı açdığı məhkəmə iddiaları hələ də davam edir və bu işlərə Los-Ancelesdə baxılacaq.
Floridadakı yeniyetmənin iddiaları Kaliforniyada oxşar xarakterli minə yaxın məhkəmə işinin həlli məqsədilə Los-Anceles Ali Məhkəməsinin hakimi Kerolin Kul tərəfindən idarə olunan seriyanın ikinci iclasını təşkil edir.
İlin əvvəlində baş tutan ilk məhkəmədə K.G.M. adlı 20 yaşlı qadın Meta və Yutub-u platformaları gənc istifadəçilər üçün asılılıq yaradan hala gətirməkdə günahlandırmışdı.
Sözügedən məhkəmədə andlılar məclisi platformaların bəzi istifadəçilərin ruh sağlamlığına göstərdiyi təsirlərə görə Meta və Yutub-u məsuliyyətli hesab edərək iddiaçıya 6 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.
Elə həmin həftə Nyu-Meksikodakı andlılar məclisi də Metanı uşaq təhlükəsizliyi məsələsində istifadəçiləri yanıltdığı əsası ilə 375 milyon dollar ödəməyə məhkum edib.
Məhkəmə sənədlərinə əsasən, R.K.C.-nin iddiaları ilə ilk məhkəmədəki ittihamlar bənzərlik təşkil edir.
Yeniyetmə platformalarda davamlı və avtomatik olaraq yeni məzmunlar nümayiş etdirən sonsuz sürüşdürmə (infinite scroll) və avtomatik oynatma (autoplay) kimi xüsusiyyətlərin bir növ asılılığa çevrilən məcburi istifadəni stimullaşdırdığını müdafiə edib.
O, bu vəziyyətin özündə təşviş və yuxusuzluq kimi problemlərə yol açdığını iddia edib.
R.K.C.-nin vəkilləri Con Morqan və Emili Ceffkot etdikləri açıqlamada sosial media şirkətlərinin rəhbərlərinin uşaqları erkən yaşda özlərinə bağlamaq və istifadə müddətini maksimuma çatdırmaq üçün illərdir strategiyalar hazırladıqlarını ifadə ediblər.
Yutub tərəfi isə on ildən artıqdır ki, gənclərə onlayn mühitdə daha təhlükəsiz və faydalı təcrübələr təqdim etmək üçün ailələrlə birlikdə məsuliyyət hissi ilə çalışdıqlarını müdafiə edib.
Platforma 2015-ci ildə uşaqlar üçün xüsusi olaraq dizayn edilmiş Yutub Kids versiyasını istifadəyə vermişdi.


