Meta-da süni intellekt böhranı: İşçilərin izlənilməsi proqramı təhlükəsizlik boşluğu səbəbindən dayandırıldı
Sosial media nəhəngi Meta süni intellekt modellərini öyrətmək məqsədilə işçilərin klaviatura və siçan hərəkətlərini qeydə aldığı mübahisəli məxfilik proqramını toplanan məlumatların şirkət daxilində müdafiəsiz qaldığının üzə çıxmasından sonra dayandırıb.
AFN.az xəbər verir ki, şirkət işçilərin kompüterdən istifadə vərdişlərini izləyərək süni intellekt modellərini təkmilləşdirməyi hədəfləyən genişmiqyaslı proqramını iki ay kimi qısa bir müddətdən sonra dayandırmaq məcburiyyətində qalıb.
Şirkət daxilində böyük narahatlığa səbəb olan bu layihə işçilərin xidməti kompüterlərindəki hər bir klaviatura toxunuşunu və siçan klikləməsini qeyd etməyi nəzərdə tuturdu.
Lakin toplanan bu həssas məlumatların şirkət daxilindəki hər kəs üçün əlçatan vəziyyətdə saxlanıldığının fərqinə varıldıqdan sonra Meta rəhbərliyi geri addım atıb.
Şirkət sözçüsü daxili adı "Model Səriştəliliyi Təşəbbüsü" olan proqramın yoxlamalar başa çatana qədər dondurulduğunu təsdiqləyərkən, indiyə qədər məlumatların bədniyyətli şəkildə istifadə olunduğuna dair hər hansı bir ipucuna rast gəlinmədiyini iddia edib.
Mark Zukerberqin rəhbərlik etdiyi şirkətdə həftələrdir davam edən gərginlik təxminən 2 min işçinin proqramın tamamilə ləğv edilməsi üçün imza toplaması ilə pik həddə çatıb.
Meta rəhbərliyinin etirazları yatırmaq naminə işçilərə özlərini yarım saatlıq müddətlərlə izlənmədən çıxarmaq hüququ tanıması isə daxildə zərərin kompensasiyası cəhdi kimi qiymətləndirilərək qəbul edilməyib.
Şirkət əməkdaşları OpenAI və Anthropic kimi güclü rəqiblərə qarşı süni intellekt texnologiyasını inkişaf etdirməyə müsbət yanaşdıqlarını, lakin bu amansız təqibin onlardan heç bir razılıq alınmadan məcburi şəkildə qəbul etdirilməsinin şirkətdaxili motivasiyanı tarixin ən aşağı səviyyəsinə endirdiyini bildirirlər.
Metanın təkcə bu il süni intellekt investisiyaları üçün 145 milyard dollar kimi nəhəng bir büdcə ayırması şirkət daxilindəki narazılığın yeganə səbəbi deyil.
Bu böyük büdcəli transformasiya prosesində baş verən kütləvi ixtisarlar və komandaların daimi olaraq süni intellekt yönümlü yenidən qurulması işçilər ilə rəhbərlik arasındakı bağları qoparıb.
Hətta bəzi işçilərin şirkətdaxili iclaslarda rəhbərləri açıq şəkildə tənqid etdiyi ifadə olunur.
Keçmiş işçilər isə texnologiya nəhənginin süni intellekt yarışında önə keçmək üçün atdığı bu aqressiv addımların şirkət mühitini getdikcə daha çox bezdirici və qeyri-müəyyən bir hala gətirdiyini dilə gətirirlər.

