İsrail cənub ərazilərinə nəzarətin Livan ordusuna verilməsini müzakirə edir
Livan və İsrail nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda Livanın cənubunda yerləşən və münaqişə gedişində İsrail ordusu tərəfindən işğal olunmuş bəzi ərazilərin Livan silahlı qüvvələrinin nəzarətinə verilməsi ideyasını müzakirə edirlər.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Livan və İsrail rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ tərəfindən dəstəklənən plana əsasən, Livan hərbçiləri ilkin olaraq amerikalı mütəxəssislər tərəfindən təlim keçməli və yoxlamadan keçməlidirlər. Bu yolla Vaşinqton həmin hərbçilərin "Hizbullah" şiə təşkilatı ilə heç bir əlaqəsinin olmadığına əmin olmaq istəyir. İsrail isə öz növbəsində Livanla sərhəddəki bufer zonada hərbi mövcudluğunu qoruyub saxlamalıdır.
Xatırladaq ki, iyunun 23-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Livan-İsrail danışıqlarının beşinci raundu başlayıb. "Asharq al-Awsat" qəzetinin yazdığına görə, diplomat Simon Karamın rəhbərlik etdiyi Livan nümayəndə heyəti, Livanın Litani çayından cənubdakı əraziləri "silahdan azad edilmiş təhlükəsiz zonaya" çevirmək öhdəliyi müqabilində, İsrail qoşunlarının cənub rayonlarından çıxarılması qrafikinin müzakirə olunmasını tələb edir.

