Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Səbəbi açıqlandı
Ağcaqanadların hər kəsi görməzlikdən gəlib yalnız müəyyən insanları dişlədiyi hissi elmi araşdırmalarla təsdiqlənir.
AFN.az xəbər verir ki, elm insanları xəstəlik yayan bu canlıların bəzi insanları daha cəlbedici hesab etməsini təmin edən mürəkkəb kimyəvi kokteyli tapmaq istiqamətində mühüm addımlar atırlar.
Fransanın İnkişaf Araşdırmaları İnstitutundan tibbi entomoloq Frederik Simard ağcaqanadların bəzi insanlara daha çox meyil etməsinin bir illüziya olmadığını, lakin insanların hər zaman eyni dərəcədə "ağcaqanad maqniti" olaraq qalmadığını bildirir.
Ağcaqanadların hədəf seçməsində bədən qoxusu, temperatur və nəfəs vasitəsilə xaric edilən karbon qazı kimi bir sıra hissiyyat ipucları rol oynayır.
Yalnız dişi ağcaqanadların dişlədiyi məlum olduğu halda, bu canlılar inkişaf etmiş reseptorları sayəsində aldıqları siqnallara əsasən hədəflərini müəyyənləşdirirlər.
İsveçli elm insanı Rikard İqnell ağcaqanadların onlarla metr uzaqlıqdan belə nəfəslə xaric olunan karbon qazını hiss edə bildiyini və bunun əsas tətikləyici amil olduğunu ifadə edir.
Təxminən 10 metr məsafəyə çatdıqda isə bədən qoxusu ilə karbon qazının birləşməsi cəlbediciliyi artırır.
Daha da yaxınlaşdıqda bədən temperaturu və rütubət dərəcəsi müəyyən insanları ağcaqanadlar üçün daha cəlbedici edir.
İctimaiyyət arasında geniş yayılan bəzi inanclar isə elmi faktlarla üst-üstə düşmür.
Simard ağcaqanadların müəyyən qan qruplarına üstünlük verdiyi barədə iddiaların elmi əsası olmadığını, aparılan az sayda araşdırmanın isə yetərsiz qaldığını vurğulayır.
Seçimin dəri, göz və ya saç rəngi ilə də heç bir əlaqəsi yoxdur.
Buna baxmayaraq, bədən qoxusu böyük əhəmiyyət kəsb edir.
İnsan mikrobiotasının istehsal etdiyi molekul birləşməsinin ağcaqanadlar üzərindəki təsiri fərqlilik göstərir.
Araşdırmalar insan bədəninin 300 ilə 1000 arasında fərqli qoxulu birləşmə ifraz etdiyini göstərir, lakin elm insanları bunlardan hansıların ağcaqanadları cəlb etdiyini yeni-yeni anlamağa başlayırlar.
İqnellin rəhbərlik etdiyi araşdırmada sarı qızdırma və danq qızdırması yayan "Aedes aegypti" növü ağcaqanadlar laboratoriya şəraitində araşdırılıb.
Ağcaqanadların insanların ifraz etdiyi min mümkün birləşmədən 27-ni qəbul edə bildiyi və bu xüsusi qarışığı təqib etdiyi müəyyən olunub.
Ağcaqanadların ən çox yönəldiyi şəxslərin dəri yağının parçalanması ilə yaranan "1-octen-3-ol" (göbələk spirti) adlı birləşməni yüksək nisbətdə ifraz etdiyi təsbit olunub.
Bu birləşmədəki kiçik bir artımın belə ağcaqanadları cəlb etmək üçün kifayət olduğu görülüb.
Aparılan tədqiqatlar pivə istehlakının da ağcaqanadları cəlb etməkdə təsirli olduğunu ortaya qoyur.
Alkoqol qəbulu bədən temperaturunu yüksəldir, nəfəslə xaric olunan karbon qazının miqdarını artırır və dəri qoxusunu dəyişdirir.
Burkina-Faso və Niderlandda aparılan fərqli təcrübələrdə alkoqol qəbul edən könüllülərin malyariya yayan "Anopheles" ağcaqanadları üçün daha cazibədar hala gəldiyi müəyyən edilib.
Niderlanddakı araşdırmada son 24 saat ərzində pivə içmiş şəxslərin ağcaqanadlara 1,35 dəfə daha cəlbedici gəldiyi qeydə alınıb.
İqlim dəyişikliyi səbəbindən ağcaqanadların yaşayış sahələrinin genişlənməsi bu tədqiqatların əhəmiyyətini daha da artırır.
Çikunqunya virusu daşıyan pələng ağcaqanadının yeni bölgələrə yayıldığı və bu riskin hər keçən gün daha çox insana təsir etdiyi bildirilir.
Mütəxəssislər qorunmaq üçün bədəni örtən geniş geyimlərin geyilməsini, tordan və ağcaqanad qovuculardan istifadə edilməsini, həmçinin ağır yeməklərdən və alkoqoldan uzaq durmağı tövsiyə edirlər.

