Böyük Britaniyanın Lamanşda saxladığı tankerdə üç Gürcüstan vətəndaşı var
Birləşmiş Krallıq hakimiyyəti tərəfindən Lamanş boğazında saxlanılan "Smyrtos" tankerinin heyət üzvləri arasında üç Gürcüstan vətəndaşı var.
AFN.az xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb. Britaniya tərəfinin yoxladığı məlumata əsasən, gəmidə ümumilikdə 24 heyət üzvü var, gürcü dənizçilərin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Agentlik vurğulayıb ki, qanunvericiliyə görə gəmiçilik (krüinq) şirkətləri dənizçiləri işə götürərkən gəmilərin sanksiya siyahısında olub-olmadığını yoxlamalıdır. Araşdırma zamanı məlum olub ki, Kamerun bayrağı altında üzən "Smyrtos" tankeri rəsmi tanınan heç bir gürcü krüinq şirkətinin qeydiyyatında olmayıb və dənizçilər gəmidə qeyri-rəsmi işə düzəliblər. Xatırladaq ki, iyunun 14-də Baş nazir Kir Starmer Rusiyanın "kölgə donanması"na aid edilən bu tankerin 6 saatlıq əməliyyatla ələ keçirildiyini açıxlamaşdı. Heyətin digər üzvləri Hindistan vətəndaşlarıdır və onlardan biri sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılıb. Gəmi 2025-cü ilin iyulundan Britaniyanın sanksiya siyahısındadır.


