Dünya Bankı qlobal böyümə proqnozunu aşağı yönlü yeniləyib



Dünya Bankı Yaxın Şərqdəki münaqişənin təsiri ilə qlobal iqtisadi artımın 2026-cı ildə 2,5 faizə qədər geriləyəcəyini proqnozlaşdırıb. Qurum enerji tədarükündəki fasilələrin şiddətlənəcəyi təqdirdə bu göstəricinin 1,3 faizə qədər düşə biləcəyi barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Dünya Bankı "Qlobal İqtisadi Perspektivlər Hesabatı"nın iyun sayında Yaxın Şərqdəki münaqişənin artan enerji qiymətləri, yüksələn inflyasiya və borclanma xərcləri səbəbindən qlobal böyüməni "Kovid-19" pandemiyasının başlanğıcından bəri ən aşağı səviyyəyə çəkəcəyinin gözlənildiyini qeyd edib.

Hesabatda 2025-ci ildə 2,9 faiz səviyyəsində olan qlobal iqtisadi artımın 2026-cı ildə 2,5 faizə düşəcəyinin təxmin edildiyi bildirilib. Yanvar ayı ilə müqayisədə iqtisadiyyatların 3-də 2-si üçün böyümə proqnozunu aşağı salan bank, sözügedən ayda qlobal iqtisadi artımın bu il 2,6 faiz səviyyəsində reallaşacağını iddia etmişdi.

Hesabatda qlobal böyümənin 2027-ci ildə 2,8 faizə yüksəlməsinin gözlənildiyi, lakin bu göstəricinin 2010-cu illərin ortalamasından 0,4 faiz bəndi aşağı olacağı vurğulanıb.

İnkişaf etməkdə olan iqtisadiyyatlardakı zəif böyümənin inkişaf etmiş ölkələrin gəlir səviyyəsinə çatmaq yolundakı irəliləyişi dayandırdığı ifadə edilən sənəddə Çin və Hindistan xaricindəki inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş iqtisadiyyatlarla aralarındakı adambaşına düşən gəlir fərqini qapatmaq mövzusunda 2028-ci ilə qədər kollektiv şəkildə demək olar ki, on illik bir durğunluq dövrü yaşayacağı qeyd olunub.

Hesabatda Hörmüz boğazının bağlanmasının enerji bazarlarına ciddi zərbə vurduğuna diqqət çəkilib. Fasilələrin iyul ayında yüngülləşəcəyi fərziyyəsi ilə Brent neftinin barrel qiymətinin bu il ortalama 94 dollar təşkil edəcəyi və bunun 2025-ci il səviyyələrindən 36 faiz yuxarı olacağı bildirilib.

Gübrənin qiymətinin bu il əhəmiyyətli dərəcədə artacağı və bunun qida qiymətlərinə zəncirvari təsir göstərəcəyi təxmin edilən hesabatda "Bütün bu təzyiqlər qlobal inflyasiyanı yuxarı çəkir və inflyasiyanın 2025-ci ildəki 3,3 faiz səviyyəsindən bu il 4 faizə yüksəlməsi gözlənilir" qiymətləndirilməsi aparılıb.

Aşağı yönlü risklərin olduqca ciddi olduğu vurğulanaraq, enerji tədarükündəki kəsintilərin hazırda təxmin ediləndən daha şiddətli olması və buna böyük bir maliyyə sıxıntısının da əlavə olunması halında qlobal böyümənin 2026-cı ildə 1,3 faizə qədər geriləyə biləcəyi və inflyasiyanın 4,4 faizə yüksələ biləcəyi qeyd olunub.

Bu il inkişaf etməkdə olan iqtisadiyyatlardakı böyümənin 2025-ci ildəki 4,4 faiz səviyyəsindən pandemiya sonrasının ən aşağı göstəricisi olan 3,6 faizə düşəcəyi, 2027-ci ildə isə 4,2 faizə yüksələcəyi bildirilib.

Münaqişədən birbaşa təsirlənən Körfəz ölkələrinin iqtisadiyyatlarının 2025-ci ildəki 3,9 faiz səviyyəsindən 2026-cı ildə 0-a yaxınlaşaraq ən böyük zərbəni alacağı təxmin edilir.

Ölkələrin böyümə proqnozlarına da yer verilən hesabatda ABŞ iqtisadiyyatının bu ilə aid artım gözləntisi 2,2 faiz səviyyəsində saxlanılarkən, 2027-ci il üçün 1,9 faizdən 2,1 faizə qaldırılıb.

Bu ilə dair böyümə gözləntisi Yaponiya üçün 0,8 faizdən 0,7 faizə, Avrozona üçün 0,9 faizdən 0,8 faizə, Çin üçün isə 4,4 faizdən 4,2 faizə endirilib.

Münaqişələrdən zərər çəkən Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan bölgəsi üçün bu ilə dair böyümə proqnozu 2,7 faiz bəndi azaldılaraq 1,6 faiz edilib.

Səudiyyə Ərəbistanı üçün böyümə təxmini 4,3 faizdən 3,1 faizə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün isə 5 faizdən 2,4 faizə düşürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu