Qlobal temperatur artımının 4 il ərzində 1,5 dərəcəlik həddi keçə biləcəyi proqnozlaşdırılır
Dünyanın getdikcə daha sürətlə istilik topladığını və qlobal temperatur artımının 2025-ci ildə sənayedən əvvəlki dövrün ortalamasına nisbətən 1,37 dərəcəyə çatdığını müəyyən edən alimlər bu səviyyənin təxminən 4 il ərzində 1,5 dərəcəni keçə biləcəyini proqnozlaşdırırlar.
AFN.az xəbər verir ki, dünya üzrə 17 ölkədən 56 qurumu təmsil edən 70-dən çox alim tərəfindən hazırlanan və Avropa Komissiyası adından Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi (ECMWF) nəzdindəki Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) tərəfindən idarə olunan Qlobal İqlim Dəyişikliyi Göstəriciləri hesabatının əsas nəticələri "Earth System Science Data" jurnalında dərc olunub.
Hesabata görə, bütün iqlim sistemi sürətlə qızmağa davam edir. İnsan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi səbəbindən qlobal temperatur artımı 2025-ci ildə sənayedən əvvəlki dövr olan 1850-1900-cü illərin ortalamasından 1,37 dərəcə yuxarı qalxıb və ötən ilki istiləşmə sürəti qeydə alınan ən yüksək səviyyə olub.
Qlobal temperatur artımı 2016-2025-ci illər dövründə isə 1,26 dərəcə olaraq ölçülüb.
Sürətlənən istiləşmədə istixana qazı emissiyalarındakı kəskin artım təsirli olur. Böyük ölçüdə qalıq yanacaqların yandırılmasından qaynaqlanan istixana qazı emissiyaları 2024-cü ildə 56,8 milyard ton karbon qazı ekvivalenti ilə bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
Hesabatdakı məlumatlar, həmçinin 2025-ci ilin qeydlərdəki ən isti üçüncü il olduğunu təsdiqləyib.
Alimlər getdikcə sürətlənən istiləşmə səbəbindən qlobal temperatur artımının təxminən 4 il ərzində 1,5 dərəcəlik həddi keçə biləcəyini ehtimal edirlər.
İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində 2015-ci ildə imzalanan Paris Sazişinə əsasən qlobal temperatur artımının əsrin sonunda 1,5 dərəcə ilə məhdudlaşdırılması və ya 2 dərəcənin altında saxlanılması hədəflənir, lakin göstəricilər bu həddin keçilmə riskinin artdığını ortaya qoyur.
Qlobal temperatur artımını məhdudlaşdırmaq üçün ölkələrin 2030-cu ilə qədər dekarbonizasiya (karbonsuzlaşdırma) səylərini böyük ölçüdə artırması tələb olunur.
ECMWF nəzdindəki C3S İqlim Strateji Lideri Samanta Bercess hesabatla bağlı qiymətləndirməsində son 10 ildəki istiləşmənin demək olar ki, tamamının insan fəaliyyətindən qaynaqlandığını bildirərək, bunun yaşayış mənbələri və ekosistemlər üzərindəki təsirlərinin artıq dünyanın dörd bir tərəfində hiss edildiyini və temperaturlar yüksəlməyə davam etdikcə bu təsirlərin daha da sürətlənəcəyini ifadə edib.
İngiltərə Meteorologiya Ofisinin (Met Office) elmi mütəxəssisi Mett Palmer də dünyadakı istixana qazı buraxılışının hər zamankından daha yüksək olduğuna diqqət çəkərək, bunun atmosferdə daha çox istiliyin həbsedilməsinə və dünyanın enerji balansının getdikcə daha çox pozulmasına yol açdığını qeyd edib.
Cənubi Koreyanın Pusan Milli Universiteti İqlim Elmləri Araşdırma Mərkəzinin professoru Cune-Yi Li dənizdəki isti hava dalğalarının getdikcə daha tez-tez göründüyünü dilə gətirib.
Bu vəziyyətin okean səthində davam edən istiləşmə ilə uyğun gəldiyini qeyd edən Li dənizdə isti hava dalğalarının yaşandığı günlərin sayının 1991 və 2025-ci illər arasında dünya miqyasında üç qatından çox artdığını bildirib.
Onun sözlərinə görə, bu hadisələr dəniz ekosistemlərinə zərər vurmaqla yanaşı qida istehsalını, iqtisadiyyatları və sahilyanı mühafizə sistemlərini də təhdid edir, həmçinin okean-atmosfer karbon mübadiləsini, okeanların turşuluq və oksigen səviyyələrini pozur və quruda baş verən ekstremal hava hadisələrini daha da şiddətləndirə bilir.
Niderland Kral Dəniz Araşdırmaları İnstitutunun tədqiqat rəhbəri Aimi Slanqen dəniz səviyyəsindəki rekord artıma diqqət çəkərək, 2025-ci ildə qlobal dəniz səviyyəsinin 1901-ci ildən bəri ümumilikdə 23 santimetrlik yüksəlişlə yeni bir rekorda çatdığı barədə məlumat paylaşıb.
O, bu yüksəlişin ildə təxminən 1,8 millimetrlik bir sürətlə baş verdiyini və bu sürətin getdikcə artdığını vurğulayaraq bu kiçik bir dəyişiklik kimi görünsə də, bu səviyyədəki bir yüksəlişin belə dünyanın bir çox alçaq sahilyanı bölgələrində daşqınları artırdığını, yaşayış mənbələrinə və ekosistemlərə zərər vurduğunu qeyd edib.

