Xərçəngə qarşı dünyada bir ilk: Yeni mRNA peyvəndi hazırlanıb


İngilis alimləri xərçəng müalicəsində yeni bir dövr başladacaq inqilabi peyvənd hazırlayıblar. 

AFN.az xəbər verir ki, Oksford Universiteti və "Moderna" əczaçılıq şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən tədqiqatda əsas məqsəd xüsusilə genetik olaraq yüksək xərçəng riski daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.

COVID-19 peyvəndlərində uğurunu sübut edən mRNA texnologiyasının ilk dəfə xərçəngin qarşısını almaq məqsədilə istifadə ediləcəyi bu tarixi sınaq çərçivəsində xəstələr üzərində ilk tətbiqlərin bu yay başlanması planlaşdırılır.

Hazırlanan peyvənd ilk növbədə Linc sindromu (Lynch syndrome) adlı irsi xəstəlikdən əziyyət çəkən insanları qorumağı hədəfləyir. İngiltərədə hər 300 nəfərdən birində rast gəlinən bu genetik vəziyyət DNT-ni bərpa etməklə vəzifəli genlərin zədəli olmasından qaynaqlanır.

Bu sindroma sahib fərdlərin həyatı boyu bağırsaq xərçənginə yaxalanma riski təxminən 80 faiz artır, eyni zamanda yumurtalıq, uşaqlıq, mədə və mədəaltı vəzi kimi digər xərçəng növlərinə yoluxma ehtimalı da çox yüksək olur.

Üstəlik, bu geni daşıyan təxmini 175 min insandan yalnız 5 faizi bu vəziyyətdən xəbərdardır. Peyvənd bu şəxslərin orqanizmində xərçəng hüceyrələri hələ formalaşmadan, yəni xərçəngönü mərhələdəki anomaliyaları aşkar etmək üçün hazırlanıb.

mRNA texnologiyası ilə istehsal olunan peyvənd ənənəvi peyvəndlərdən fərqli bir üsulla çalışır. Orqanizmə birbaşa zəiflədilmiş virus yeritmək əvəzinə, hüceyrələrə immun cavabı yaratmaq üçün genetik təlimatlar ötürür.

Mütəxəssislər peyvəndin sanki bir təlimat kitabçası kimi hərəkət edərək immunitet sistemini öyrətdiyini bildirirlər. Bu sayədə müdafiə mexanizmi Linc sindromunun stimullaşdırdığı hüceyrə mutasiyalarını hələ xərçəngə çevrilmədən fərq edib yox edəcək.

Peyvəndin zamanla təsirini qoruması üçün müəyyən fasilələrlə gücləndirici dozaların vurulması tələb oluna bilər. Bu yay başladılacaq ilk mərhələdə xəstələr üzərində ən doğru dozalanma müəyyən ediləcək və peyvəndin təhlükəsizliyi yoxlanılacaq.

Tədqiqatın çoxmərkəzli ikinci mərhələsinin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur. Alimlər vurğulayırlar ki, peyvənd təkcə Linc sindromlu xəstələri qorumaqla qalmayacaq, həm də daha əvvəl xərçəngə qalib gəlmiş şəxslərin ikinci dəfə bu xəstəliyə yaxalanmasının qarşısını ala biləcək.

Araşdırma qrupu bu sınaqdan əldə ediləcək uğur və immunitet məlumatlarının gələcəkdə genetik mənşəyi olmayan digər geniş yayılmış xərçəng növlərinə qarşı da peyvəndlərin hazırlanmasına yol açacağını ifadə edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu