NASA MAVEN missiyasını başa çatdırıb
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) Mars orbitində 11 ildən artıq müddətdə atmosfer tədqiqatları aparan MAVEN kosmik gəmisinin missiyasının başa çatdığını elan edib.
AFN.az xəbər verir ki, NASA-nın rəsmi internet saytında yer alan məlumata görə, qurumun Mars atmosferini müşahidə etmək üçün ilk dəfə formalaşdırdığı MAVEN (Mars Atmosferi və Uçucu Maddələrin Təkamülü) missiyası yekunlaşıb.
Açıqlamada Mars orbitində 11 ildən çox fəaliyyət göstərən MAVEN kosmik aparatı ilə gözlənilməz siqnal itkisindən sonra sonuncu dəfə 6 dekabr 2025-ci ildə əlaqə saxlanıldığı qeyd olunub.
NASA-nın aparatı xilas etmə işlərini qiymətləndirmək və onun mümkün vəziyyətini müəyyənləşdirmək məqsədilə nasazlıqları təhqiq edən xüsusi komissiya topladığı bildirilən bəyanatda şuranın kosmik gəminin xilas edilməsinin qeyri-mümkün olduğu və artıq elmi tədqiqat ilə məlumat ötürülməsi missiyasını yerinə yetirə bilməyəcəyi qənaətinə gəldiyi barədə məlumat paylaşılıb.
NASA-nın Dərin Kosmos Şəbəkəsinin (DSN) kosmik aparatın Marsın arxasından çıxdığı zaman onun orbitində pozulma qeydə aldığı ötürülən bəyanatda komissiyanın məhz bu səbəbdən MAVEN-in geri qaytarıla bilməyəcək vəziyyətdə olduğu nəticəsinə gəldiyi ifadə edilib.
Missiyanın bütün məlumat bazasını arxivləşdirmək üçün standart prosedurların izlənildiyi bildirilən açıqlamada MAVEN missiyasının rəsmi olaraq dayandırılması prosesinə başlanıldığı diqqətə çatdırılıb.
2013-cü ildə kosmosa buraxılan MAVEN 2014-cü ildə Marsa çataraq planetin üst atmosferini və onun Günəş küləkləri ilə qarşılıqlı təsirini öyrənməyə başlamışdı.
MAVEN elmi fəaliyyəti ilə yanaşı, NASA-nın Marsdakı iki kəşfiyyat aparatı – "Curiosity" və "Perseverance" üçün də rabitə ötürücü peyki rolunu oynayırdı.
Elm adamları Marsın milyardlarla il ərzində atmosferinin böyük hissəsini Günəş mənşəli təsirlər səbəbindən itirdiyini, bunun da Marsı isti və rütubətli bir mühitdən soyuq və quru bir planetə çevirdiyini qeyd edirlər.



