Böyük Britaniyada hərbi helikopter qəzaya uğrayıb: Üç hərbçi həyatını itirib
Böyük Britaniya Kral Donanmasına məxsus helikopterin Devon bölgəsindəki təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində üç hərbçi həyatını itirib.
AFN.az xəbər verir ki, təcili tibbi yardım və xilasetmə qrupları "Merlin Mk4" tipli helikopterin Okehempton yaxınlığındakı Surton Daun (Sourton Down) ərazisində yerə çırpılmasından sonra yerli vaxtla saat 03:45-də dərhal hadisə yerinə cəlb olunublar.
Kral Donanmasının sözçüsü qəzanın planlı helikopter təlim məşqi zamanı baş verdiyini diqqətə çatdırıb. Qurum rəsmisi qəza nəticəsində dünyasını dəyişən şəxsi heyətin ailələrinin hadisə barədə məlumatlandırıldığını və təfərrüatlar ictimaiyyətə açıqlanmazdan əvvəl yaxınlarının rəsmi qurumlardan gizlilik tələb etdiyini bəyan edib.
Donanma Komandanı general ser Qvin Cenkins qəzaya uğrayan hava nəqliyyat vasitəsinin Somersetdəki "RNAS Yeovilton" bazasında yerləşən "Merlin Mk4" modelli helikopter olduğunu təsdiqləyib və hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını elan edib.
Cenkins yaşanan bu faciənin donanma cəmiyyətində dərin bir kədərə səbəb olduğunu ifadə edərək həlak olanların yaxınlarına başsağlığı verib.
Uels şahzadəsi Keyt Middlton da Donanma Aviasiya Dəstəsinin baş komandanı statusu ilə verdiyi rəsmi açıqlamada özünün və Şahzadə Uilyamın hadisədən böyük üzüntü duyduğunu, dualarının həyatını itirən hərbçilərin ailələri ilə olduğunu vurğulayıb.
Baş nazir Keyr Starmer sosial media hesabı vasitəsilə yaydığı bəyanatda baş verən qəzanı tamamilə bir faciə kimi xarakterizə edib, Müdafiə naziri Con Hili isə üç hərbi qulluqçunun itkisindən dolayı kədər içində olduğunu ifadə edərək ehtiramını bildirib.

