İranda beynəlxalq internetə çıxış aylar sonra bərpa olunub
İranda beynəlxalq internetə çıxışın aylar sonra mərhələli şəkildə yenidən təmin edildiyi bildirilib.
AFN.az xəbər verir ki, İranın ISNA xəbər agentliyinin yaydığı məlumata görə, Prezident Məsud Pezeşkianın göstərişi ilə beynəlxalq internetə çıxışın bərpası prosesi mərhələli şəkildə davam edir.
Qərarın icrasında hər hansı bir gecikmənin olmadığı və artıq sabit xətlər (stasionar internet) üzərindən beynəlxalq şəbəkəyə çıxışın yenidən başladıldığı ifadə edilib.
Kiberməkanın Tənzimlənməsi və İdarə Edilməsi Mərkəzinin rəhbəri, həmçinin Prezidentin birinci müavini Məhəmməd Rza Arif sosial şəbəkə hesabından verdiyi açıqlamada Pezeşkianın təlimatı və hökumətin vədi doğrultusunda kiberməkana azad və tənzimlənən çıxış üçün ilk addımın atıldığını qeyd edib.
Arif internetin yenidən açılması ilə birlikdə ağıllı xidmətlərin rəvanlaşacağını, xalqın tələblərinin yerinə yetiriləcəyini və elmə əsaslanan inkişafın önündəki maneələrin qaldırılacağını vurğulayıb.
Xatırladaq ki, İranda beynəlxalq internet yanvar ayında zorakılığa çevrilən aksiyalar zamanı məhdudlaşdırılmış, daha sonra isə normala dönmüşdü.
Lakin ABŞ və İsrailin fevralın 28-də başlatdığı hücumlardan sonra İran internetin xarici dünya ilə əlaqəsini tamamilə kəsmişdi.

