Kuba XİN başçısı Kallası ikili standartlarda ittiham etdi


Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallası respublika ilə bağlı bəyanatlarında beynəlxalq hüquq normalarını rəhbər tutmağa çağırıb.

AFN.az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində yazıb. O, Kallası obyektiv olmamaqda və ikili standartlarda ittiham edib.

"Aİ ali nümayəndəsinin Kuba ilə bağlı mülahizələrində Avropa bloku tərəfindən irəli sürülən beynəlxalq hüququn və sülhün müdafiəsi prinsiplərini rəhbər tutacağı və bu prinsiplərə uyğun mövqe tutacağı gözlənilir. ABŞ hökuməti tərəfindən Kuba xalqına qarşı tətbiq edilən qanunsuz, qəddar və ədalətsiz kollektiv cəzanın – blokadanın görünməmiş dərəcədə gücləndirilməsinin, neft embarqosunun və hərbi təhdidin bu gün kubalıların üzləşdiyi mürəkkəb vəziyyətin əsas səbəbi olduğunu etiraf etməmək obyektivlikdən uzaqdır və açıq-aydın ikili standart nümayiş etdirir", - deyə nazir bildirib.

Rodriqes Parrilya qeyd edib ki, Kallas həmçinin ABŞ-ın son ekstraterritorial və qanunsuz tədbirləri nəticəsində təhdid edilən və zərər görən çoxsaylı Avropa şirkətləri və vətəndaşlarına dair heç bir narahatlıq ifadə etməyib və ya onlara dəstək nümayiş etdirməyib.

"Son onilliklərdə Kubada geniş xalq razılığı ilə baş vermiş suveren və dərin dəyişikliklər bizim daxili siyasətimizin tərkib hissəsidir", - deyə Kuba XİN rəhbəri vurğulayıb. Bununla belə, o əlavə edib ki, Kuba indiki və digər çətin vəziyyətlərdə Aİ və bir sıra üzv dövlətlər tərəfindən göstərilən humanitar yardımı, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına verilən töhfəni yüksək qiymətləndirir.

Xatırladaq ki, ötən həftənin sonunda Meksikada səfərdə olan Kallas mətbuata bəyanatında Kubadakı hazırkı mürəkkəb vəziyyətə görə məsuliyyəti birbaşa Karib dənizi respublikası hakimiyyətinin siyasətinin üzərinə qoyub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu