Boliviya prezidenti etirazlara görə özünün və nazirlərin maaşını 50% azaldıb
Boliviya Prezidenti Rodriqo Pas hökumət əleyhinə etirazlar səbəbindən yaranan təchizat qıtlığı şəraitində cəmiyyətə dəstək olmaq məqsədilə özünün və nazirlərinin əməkhaqqını iki dəfə azaltdığını bəyan edib.
AFN.az xəbər verir ki, dövlət başçısı bu barədə ölkənin paytaxtı Sukre şəhərində keçirilən tədbirdə məlumat verib.
"Ölkə qarşısındakı öhdəliklərimizi rəhbər tutaraq, Boliviyanın göstərdiyi səylərə aydın bir töhfə vermək üçün mən və nazirlərim maaşlarımızı 50% azaltmaq qərarına gəldik", - deyə Pas bildirib.
Prezident qeyd edib ki, bu ixtisar daha aşağı vəzifələrdə çalışan digər dövlət qulluqçularına şamil olunmayacaq.
Dövlət rəhbəri həmçinin dialoqa açıq olduğunu, lakin bunun yalnız danışıqlara hazır olan tərəflərlə mümkünlüyünü vurğulayıb: "Danışmaq lazımdır, amma təzyiq altında, vətəndaşların aclığından qalxan kimi istifadə olunduğu bir şəraitdə yox".
Xatırladaq ki, Boliviyada artıq bir neçə həftədir ki, müxtəlif regionlarda yolların bağlanması ilə müşayiət olunan hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hakimiyyət orqanları təchizatda yaranan problemlərə və iğtişaşlara görə məsuliyyəti eks-prezident Evo Moralesin tərəfdarlarının üzərinə qoyur. Mayın 18-də Boliviyanın faktiki paytaxtı La-Pas şəhərində baş verən toqquşmalar və iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb.

