Avropada rekord istilər başlayıb
Avropanın böyük bir hissəsini bürüyən ekstremal erkən yay istiləri fonunda Fransanın 20-dən çox şəhərində bütün müşahidə tarixi ərzində ən yüksək may temperaturları qeydə alınıb, Böyük Britaniyada isə may ayı üçün milli temperatur rekordu təzələnib.
AFN.az xəbər verir ki, Böyük Britaniyanın "Met Office" meteorologiya xidmətinin məlumatına görə, London yaxınlığındakı Hitrou hava limanında temperatur 33.5°C-yə çatdıqdan sonra rekord qırılıb. Bazar ertəsi və çərşənbə axşamı günləri temperaturun 35°C-yə qədər yüksələcəyi gözlənilir. Sinoptiklər xəbərdarlıq edirlər ki, İspaniyada həftənin sonuna qədər temperatur 40°C-ə qədər qalxa bilər.
Fransanın "Météo France" meteorologiya xidməti baş verənləri vaxtından əvvəl, qeyri-adi və uzunmüddətli isti dalğası kimi xarakterizə edib. Proqnozlara görə, bu vəziyyət daha bir neçə gün davam edəcək.
Anonm istilərin səbəbi kimi "isti qübbəsi" (heat dome) adlanan atmosfer hadisəsi göstərilir. Bu zaman Mərakeşdən daxil olan isti hava yüksək təzyiq sahəsinin altında "sıxılıb" qalır. Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən Avropada bu cür hadisələr getdikcə daha tez-tez baş verəcək və intensivliyi artacaq. Klimatoloqların qiymətləndirməsinə görə, hazırda Avropada iyun isti dalğalarının ehtimalı sənayeləşmədən əvvəlki dövrlə müqayisədə təxminən 10 dəfə daha çoxdur. Oxşar tendensiya artıq may ayında da özünü büruzə verməyə başlayıb.
Fransada 31 departament, o cümlədən narıncı xəbərdarlıq səviyyəsi elan edilmiş 8 region yüksək temperatur təhlükəsi rejiminə keçirilib. Meteorologiya xidməti 2004-cü ildə xəbərdarlıq sisteminin tətbiqindən bəri ilk dəfədir ki, may ayı üçün bu cür rejim aktivləşdirir.
Ölkədə bəzi yerlərdə temperatur 36°C-yə çatıb. Parisdə 32.6°C, Bordoda 34.2°C, Briv-la-Qayard şəhərində isə 35.3°C qeydə alınıb ki, bu da əvvəlki may rekordundan təxminən 2°C yüksəkdir. Paris ətrafında keçirilən 10 kilometrlik qaçış marafonu zamanı bir nəfər ürək tutmasından dünyasını dəyişib, daha 10 iştirakçı ise kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İspaniyada da istilər güclənir. Həftəsonu bəzi cənub rayonlarında temperatur normadan 5–10°C yüksək olmaqla 38°C-yə çatıb. Sinoptiklər həftənin sonuna qədər istilərin daha da güclənəcəyini, Qvadhiana, Qvadalkivir və Ebro vadilərində maksimum temperaturun 36–38°C, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcəyini proqnozlaşdırırlar. Həmçinin gecə temperaturun 20°C-dən aşağı düşmədiyi "tropik gecələr" gözlənilir.
Böyük Britaniyanın bəzi rayonlarında isə temperaturun ardıcıl üç gün ərzində 26–28°C-dən yuxarı qalacağı ehtimal olunur ki, bu da rəsmi olaraq isti dalğası (heatwave) hesab edilə bilər. Meteoroloqlar qeyd edirlər ki, mövcud vəziyyət Avropada son illərin ən erkən və ən intensiv isti epizodlarından biridir.





