Bloomberg: Müharibə Səudiyyə Ərəbistanını regional logistika mərkəzinə çevirir
İrana qarşı müharibə qlobal enerji axınlarını tamamilə yenidən formalaşdırdığı və dünya iqtisadiyyatına zərbə vurduğu bir vaxtda, Səudiyyə Ərəbistanı artan neft gəlirlərindən milyardlarla dollar mənfəət əldə edir və əsas ticarət qovşağı kimi mövqeyini gücləndirir.
AFN.az "Bloomberg"ə istinadən xəbər verir ki, müharibə ümumi iqtisadi artımı ləngitsə, müdafiə və logistika xərclərinin kəskin artmasına səbəb olsa da, neft qiymətlərinin yüksəlməsi və krallığın fövqəladə hallar üçün əvvəlcədən hazırladığı planlar onun gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Eyni zamanda, Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahili Hörmüz boğazından yan keçən həyati əhəmiyyətli dəhlizə çevrilib. Qeyd edək ki, Hörmüz boğazı müharibənin əvvəlindən kommersiya gəmilərinin hərəkəti üçün demək olar ki, tamamilə bağlanıb.
Malkolm Kerr adına Karnegi Yaxın Şərq Mərkəzinin Ər-Riyaddan olan analitiki Hişam Əlqannam mövzu ilə bağlı bildirib:
"Səudiyyə Ərəbistanı Qırmızı dəniz regionunda təhlükəsizliyin əvəzolunmaz dayağı olduğunu sübut etdi".
Bunun sayəsində krallıq Ərəbistan yarımadasında tədarük zəncirləri üçün əsas tranzit marşrutuna çevrilir. Bu isə vəliəhd şahzadə Məhəmməd bin Salmanın 1,3 trilyon dollarlıq iqtisadiyyatına güclü təkan verə bilər. Buna baxmayaraq, Ər-Riyad artan rəqabətlə üzləşir: Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərq sahilində və Omanda alternativ ticarət yolları aktiv şəkildə inkişaf edir. BƏƏ və Qətər də öz enerji axınlarını artırmaq üçün böyük səylər göstərirlər.
Müharibənin ilk tam ayında Səudiyyə Ərəbistanının neft ixracından gəlirləri son üç ilin maksimumuna çataraq 24,7 milyard dollara yüksəlib. Bu, onilliklər əvvəl hazırlanmış fövqəladə fəaliyyət planı sayəsində mümkün olub: "Şərq-Qərb" neft kəmərindən istifadə ölkəyə ixracı bloklanmış Hörmüz boğazından yan keçirməyə imkan verib. Paralel olaraq, Səudiyyə Ərəbistanının şaxələnmiş magistral yolları şəbəkəsi minlərlə yük avtomobilinə gübrə və istehlak mallarını Qırmızı dəniz limanları vasitəsilə Fars körfəzi regionuna fasiləsiz daşımaq imkanı yaradıb.
Bununla belə, krallığın qeyri-neft sektorlarında iqtisadi artım ləngiyib. Aprel ayında Beynəlxalq Valyuta Fondu (BVF) Səudiyyə Ərəbistanı iqtisadiyyatının 2026-cı il üçün artım proqnozunu 0,9 faiz bəndi azaldaraq 3,1%-ə endirib. Lakin bu azalma Fars körfəzi ölkələri arasında Omandan sonra ikinci ən iaşğı göstərici olub ki, bu da krallığın sabitliyini göstərir.
Bazar günü ABŞ-ın yüksək rütbəli rəsmiləri bəyan ediblər ki, Vaşinqton və Tehran Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan razılaşmaya çox yaxındırlar, hərçənd Prezident Donald Tramp bu sazişi imzalamağa "tələsməyəcəyini" xüsusi vurğulayıb. Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri isə mövzu ilə bağlı şərh sorğusuna cavab verməyiblər.
"Bloomberg Economics"in inkişaf etməkdə olan bazarlar üzrə baş iqtisadçısı Ziad Daud may ayında yazıb:
"Səudiyyə Ərəbistanı üçün hərbi əməliyyatların davam etdiyi hər ay əlavə xərclər şəklində ÜDM-in təxminən 1,5%-nə başa gəlir. Qonşularının çoxu üçün bu rəqəm yəqin ki, daha yüksəkdir".
Regionun ikinci ən böyük iqtisadiyyatı olan BƏƏ də irimiqyaslı investisiyalar yatırır. Əmirliklər öz şərq sahilində alternativ ixrac qovşağı yaradır və Oman körfəzindəki Əl-Füceyrə limanına qədər olan boru kəmərinin tikintisini sürətləndirir. Bununla da xam neft ixracı gücünü ikiqat artırmağı planlaşdırır.
Qonşu Oman isə Əmirliklərin Şarja şəhəri ilə birgə yeni ticarət dəhlizi fəaliyyətə başladb. Ərəb dənizi vasitəsilə gəmiçilikdən uğurla yararlanan Oman limanları bütün Fars körfəzi üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Bu arada, Səudiyyə Ərəbistanı ölkənin şimal-qərbindəki "Neom" meqa-layihəsinin bəzi obyektlərinin təyinatını təcili olaraq dəyişdirir. Mənbələrin məlumatına görə, yeni strategiya "Neom"un logistik rolunun genişləndirilməsini nəzərdə tuta bilər: onun limanının Avropa şirkətlərinin BƏƏ, Küveyt və İraq bazarlarına çıxış əldə edə biləcəyi bir logistika mərkəzi kimi tanıdılması planlaşdırılır. Qeyd edək ki, son illərdə Səudiyyə Ərəbistanı səhrada futuristik meqapolisin tikintisi ilə bağlı ilkin iddialı planlarını onsuz da tədricən ixtisar edirdi.
Bundan başqa, Səudiyyə Ərəbistanının 1 trilyon dollarlıq aktivə malik Suveren Fondu böyük xarici investisiyaları cəlb etmək üçün öz nəqliyyat və logistika aktivlərini birləşdirərək vahid nəhəng şirkət yaratmaq imkanını nəzərdən keçirir.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) analitiki Albert Vidal Riber qeyd edir:
"Bu müharibə Səudiyyə Ərəbistanının Asiya, Afrika və Avropa arasında əsas logistika habına çevrilmək planlarını əhəmiyyətli dərəcədə sürətləndirir. Bu titul onilliklər boyu mübahisəsiz olaraq Dubayın Cəbəl Əli limanına məxsus idi".
Müharibənin başladığı 28 fevral tarixdən bəri Səudiyyə Ərəbistanının əsas fond indeksi təxminən 3% artıb, Dubay və Əbu-Dabi birja indeksləri isə müvafiq olaraq təxminən 10% və 7% aşağı düşüb. Bu, krallıqda səhmlərini yerləşdirməyi planlaşdıran şirkətlər arasında inamı artırıb. Körfəzdə ilkin ictimai yerləşdirmə (IPO) üçün cari il olduqca zəif keçsə də, bir sıra şirkətlər birjaya çıxmaq üçün hazırlıqlarını davam etdirirlər.
Səudiyyə Ərəbistanı böyük dərəcədə coğrafi mövqeyindən qazansa da, həm də onilliklər ərzində Hörmüz boğazının mümkün bağlanmasına hazırlaşıb. Sözügedən "Şərq-Qərb" neft kəməri hələ 1980-ci illərdə, İran-İraq müharibəsi zamanı boğazdakı tankerlər müntəzəm hücumlara məruz qaldığı dövrdə istifadəyə verilmişdi.
Lukin bu səylər belə son illərdə ortaya çıxan regional təhdidləri tamamilə neytrallaşdırmaq üçün kifayət etməyə bilər. Qırmızı dəniz limanlarına çıxış hələ də risklərlə bağlıdır: Yəmən husiləri bölgədə gəmiçiliyi iflic edən müntəzəm hücumlar həyata keçirirlər. Baxmayaraq ki, İranla gedən indiki müharibə boyu husilər Səudiyyə obyektlərinə zərbə vurmaqdan yayınıblar.
"Kearney" konsaltinq şirkətinin baş tərəfdaşı Rudolf Lomeyerin fikrincə, Səudiyyə limanlarına yönəldilmiş yük axınının bir hissəsi uzunmüddətli perspektivdə də orada qala bilər, çünki İran hər bir halda Hörmüz vasitəsilə tranziti təhdid etmək imkanını saxlayacaq:
"Hörmüz boğazından yan keçən marşrutların diversifikasiyası prosesi artıq uzunmüddətli və ciddi xarakter alıb".

