BƏƏ və Qətər ABŞ-dakı İslam Mərkəzinə edilən hücumu pisləyib



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən İslam Mərkəzinə təşkil edilən silahlı hücumu qınayıb. 

AFN.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada mayın 18-də San-Dieqoda baş verən silahlı hücum sərt şəkildə pislənilib və BƏƏ-nin təhlükəsizlik və sabitliyi sarsıtmağı hədəfləyən hər cür zorakılıq, ekstremizm və terrorizmi qətiyyətlə rədd etdiyi vurğulanıb.

Açıqlamada həmçinin həyatını itirənlərin ailələrinə və ABŞ hökumətinə başsağlığı verilib.

Qətər Xarici İşlər Nazirliyi də yazılı açıqlama ilə San-Dieqodakı hücumu qınayıb. Qətərin zorakılıq və terror aktlarını rədd edən dəyişməz mövqeyinin vurğulandığı bəyanatda, ibadət yerlərinin və günahsız insanların hədəf alınmasının qəbuledilməz olduğu qeyd edilib, həmçinin hücumda həlak olanların ailələrinə və ABŞ xalqına başsağlığı çatdırılıb.

Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərindəki İslam Mərkəzinə mayın 18-i, bazar ertəsi günü silahlı hücum edilmişdi.

Səlahiyyətlilər hücum nəticəsində aralarında bir təhlükəsizlik əməkdaşının da olduğu 3 nəfərin həyatını itirdiyini, iki təcavüzkarın intihar etdiyini və hadisənin nifrət cinayəti kimi araşdırıldığını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu