ATU-da kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov arasında görüş keçirilib.

Görüşdə rektor Gəray Gəraybəyli müasir cəmiyyətin ən aktual məsələlərindən biri hesab edilən sağlam həyat tərzinin gənclər arasında təbliği və təşviqinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, tələbələrin hərtərəfli inkişafında əhəmiyyətli yer tutan düzgün həyat rejiminin formalaşdırılması onların həm akademik fəaliyyətinə, həm də fiziki və psixoloji inkişafına mühüm təsir göstərərək, istər təhsil həyatı, istərsə də gələcək peşə fəaliyyətində daha uğurlu olmalarına şərait yaradır. Bu baxımdan, Azərbaycan Kamandan Oxatma Federasiyası ilə əməkdaşlığı da yüksək dəyərləndirən rektor kamandan oxatma üzrə birgə layihələrin icrasına görə federasiya rəhbərliyinə təşəkkürünü ifadə edib, həmçinin tələbələr arasında bu idman növünə olan yüksək marağın gözləntiləri üstələdiyini vurğulayıb.

Rektor inklüzivliyin təmin edilməsi və fiziki məhdudiyyətli şəxslərin idmana cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına ATU-nun hər zaman dəstək verməyə hazır olduğunu da diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında əvvəllər imzalanmış memorandum və müqavilə çərçivəsində uğurla icra olunan layihələr bir daha nəzərdən keçirilib, həmçinin qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda tərəflər tələbə idmanının inkişafı və kütləviliyin artırılması istiqamətində birgə addımların davam etdiriləcəyini vurğulayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu