Tramp: Aİ mənşəli avtomobil və yük maşınlarına tətbiq edilən tarif 25 faizə yüksəldi
ABŞ Prezidenti Donald Tramp ticarət sazişinə əməl edilmədiyi səbəbilə gələn həftədən etibarən Avropa İttifaqı (Aİ) mənşəli avtomobil və yük maşınlarına tətbiq olunan gömrük rüsumunun 25 faizə qaldırılacağını elan edib.
AFN.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
Avropa İttifaqının tam razılaşdırılmış ticarət müqaviləsinin şərtlərini yerinə yetirmədiyini iddia edən Tramp gələn həftə ABŞ-ın idxal etdiyi Aİ mənşəli nəqliyyat vasitələrinə tətbiq edilən tarifləri artıracağını bildirib. Tramp sözügedən gömrük vergisi dərəcəsinin 25 faizə çatdırılacağını qeyd edib.
Avtomobil və yük maşınlarının ABŞ-dakı fabriklərdə istehsal olunacağı təqdirdə hər hansı tarifin tətbiq edilməyəcəyi barədə razılıq əldə olunduğuna işarə edən Tramp hazırda bir çox avtomobil zavodunun inşasının davam etdiyini vurğulayıb. O, bu prosesə 100 milyard dollardan çox investisiya yatırıldığını və bunun avtomobil istehsalı tarixində bir rekord olduğunu ifadə edib.
Tramp amerikalı işçilərin çalışacağı bu fabriklərin yaxın vaxtlarda fəaliyyətə başlayacağını qeyd edərək, bu gün Amerikada baş verənlərə bənzər bir hadisənin daha əvvəl heç vaxt yaşanmadığını diqqətə çatdırıb. ABŞ ilə Aİ arasında əldə olunmuş ticarət sazişi çərçivəsində Aİ ölkələri ABŞ məhsullarına gömrük tarifi tətbiq etməməyə razılaşmış, ABŞ-ın isə Aİ mənşəli məhsullara 15 faiz nisbətində rüsum tətbiq edəcəyi açıqlanmışdı.
