Marsda həyəcanlandıran kəşf: Həyatın təməl daşları tapıldı
NASA-nın "Curiosity" kəşfiyyat aparatı Marsda həyatın əsas strukturunu formalaşdıran 3,5 milyard illik üzvi molekullar aşkar edib.
AFN.az xəbər verir ki, aparatın planetin səthində həyata keçirdiyi tarixi təcrübə Marsın keçmişinə dair mühüm bir sirrin üstünü açıb.
Topladığı qaya nümunəsini xüsusi kimyəvi məhlulla parçalayan kəşfiyyat aparatı onun tərkibində karbon olan üzvi molekullar müəyyən edib. "Nature Communications" jurnalında dərc olunan araşdırmaya görə, aşkar edilən molekulların ən azı yeddi növü Marsda ilk dəfə sənədləşdirilib.
Florida Universitetinin alimi Dr. Emi Vilyams və komandası bu molekulların 3,5 milyard il ərzində Marsın sərt radiasiya mühitinə baxmayaraq, xarab olmadan qaldığını vurğulayır. Bu kəşf Marsın təkcə keçmişdə yaşayış üçün yararlı olduğunu deyil, həm də üzvi maddələri uzun müddət qoruya biləcək geoloji struktura malik olduğunu təsdiqləyir.
Əldə edilən tapıntılar planetin bir vaxtlar həyatın yaranmasına imkan verəcək əlverişli şəraitə sahib olduğu fikrini gücləndirir.
"Curiosity" 2012-ci ildə Geyl kraterinə eniş etdikdən sonra antik göl yataqlarının izlərini daşıyan "Mount Sharp" bölgəsindəki gil təbəqələrini araşdırırdı. "Mary Anning" adlanan ərazidən alınan nümunələr yaş kimya üsulu ilə analiz edilərək mürəkkəb molekulların kimliyi üzə çıxarılıb.
Tədqiqatın ən maraqlı məqamlarından biri Yer kürəsindəki RNT və DNT kimi genetik məlumat daşıyan molekulların sələfi sayılan azot heterosikllərinin tapılmasıdır.
Həmçinin Avstraliyaya düşən məşhur Merçison meteoritində də rast gəlinən benzotiofen adlı maddənin Marsda aşkarlanması, Yer ilə Marsın keçmişdə bənzər kosmik materiallara məruz qaldığını göstərir.
Elm adamları hələlik bu molekulların birbaşa qədim həyatın izi, yoxsa geoloji proseslərin nəticəsi olduğunu tam sübut edə bilmirlər. Bununla belə, kəşf Marsda həyat axtarışında dönüş nöqtəsi hesab olunur və yekun nəticə üçün bu nümunələrin gələcəkdə Yerə gətirilməsi zərurəti vurğulanır.
