Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi
Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.
AFN.az xəbər verir ki, federasiyanın baş katibi Nağı Səfərov 2022-2026-cı illər ərzində görülən işlərə dair hesabatı təqdim edib. Bildirilib ki, Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına xüsusi qayğısı ölkə boksunun da yeni nailiyyətlər əldə etməsinə imkan verib. Boksçularımız son 4 ildə beynəlxalq yarışlarda 178-i qızıl, 165-i gümüş və 307-si bürünc olmaqla, ümumilikdə 650 medal qazanıblar.
Ardınca növbəti 4 il üçün federasiya rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib.
Həmçinin Natiq Həsənov və Vaqif Kazımov vitse-prezidentlər, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinin üzvləri seçiliblər.
Sonda çıxış edən Sahil Babayev göstərilən etimada görə təşəkkür edib və gələcək illərdə boks sahəsində islahatların, idmançıların hazırlıq səviyyəsinin daha da yüksəldiləcəyini vurğulayıb.





