Keyr Starmer uşaqların təhlükəsizliyi üçün sosial media şirkətlərinə təzyiqi artırır
Böyük Britaniyanın Baş naziri Keyr Starmer uşaqların internetdəki təhlükəsizliyi ilə bağlı ailələrin narahat olduğunu bildirərək, sosial media nəhənglərini Baş nazirliyə çağırıb.
AFN.az xəbər verir ki, Baş nazirlik ofisindən verilən açıqlamaya görə, Starmer Meta, Snap, Google, TikTok və X kimi şirkətlərə uşaqlara mənfi təsir edən məzmunlara qarşı mübarizəni sürətləndirmək üçün təzyiq göstərməyi hədəfləyir.
Ailələrlə görüşərək onların narahatlıqlarını birbaşa dinləyən Baş nazir, zəruri hüquqi tənzimləmələrin bir neçə ay ərzində həyata keçiriləcəyini qeyd edib. Starmer sosial medianın uşaqların dünyagörüşünü formalaşdırdığını və bu sahədən gələn risklərə qarşı göz yummağın mümkün olmadığını vurğulayıb.
Baş nazir uşaqları internetdə təhlükəsiz saxlamaq üçün hər cür addımı atacağını bildirərək xəbərdarlıq edib: "Hərəkətə keçməyən şirkətlər ciddi nəticələrlə üzləşəcəklər."
Hökumətin yaratdığı "Onlayn Dünyada Böyüyürəm" adlı məsləhətləşmə mexanizminə indiyədək 45 mindən çox rəyin daxil olduğu diqqətə çatdırılıb. Ailələrin və uşaqların öz tələblərini çatdıra bildiyi bu platforma 26 maya qədər müraciətləri qəbul etməyə davam edəcək.
