Onun bütün həyatı Azərbaycan incəsənətinə yeni bir şey gətirməyə həsr olunub
Rasim Balayev qəhrəmandır.
AFN.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində çıxış edərkən kinorejissor, Xalq artisti Oqtay Mirqasımov deyib.
"Biz bir neçə filmdə bir yerdə olmuşuq. Uca dağ başında, ucsuz-bucaqsız səhrada çəkilişlərdə iştirak etmişik. Fotosuna baxıram, baxışları elədir ki, sanki bizimlədir. Onun bütün həyatı Azərbaycan incəsənətinə yeni bir şey gətirməyə həsr olunub. Ruhu qarşısında baş əyirəm" - deyə Xalq artisti sənət yoldaşı haqda fikirlərini bölüşərkən qeyd edib.
Xalq artisti Şəfiqə Məmmədova R.Balayevin vəfatı xəbərindən çox sarsıldığını dilə gətirib: "Azərbaycan kinosunun simasını itirdik. Onun haqqında keçmişdə danışmaq çətindir. Onun özünə müraciət edirəm: Rasim, biz sənin belə gəlişini gözləmirdik. Sən Azərbaycan kinosu tarixinə adını qızıl hərflərlə yazdırdın. Möhtəşəm rollar yaratdın və xalqımıza miras qoydun. Azərbaycan xalqı səni heç vaxt unutmayacaq. Əlvida, əzizim!"
R.Balayevin oğlu Ülvi Balayev isə danışmağa çətinlik çəkib: "Bu gün bizim üçün ağır gündür və mənim üçün də danışmaq çox çətindir. Sözün bitdiyi andır. Ailəmizdə həmişə ən son və ən gözəl sözü o deyirdi. Ona görə mən heç nə deyə bilməyəcəm".


