CENTCOM İrana hücumlarda təcili təhdid hesab edilən nöqtələri hədəf aldı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 10 gündür davam edən hücumlarda təcili təhdid yaratdığı hesab edilən nöqtələrin hədəf alındığını irəli sürüb.
AFN.az xəbər verir ki, CENTCOM "X" sosial media platformasındakı hesabı vasitəsilə əməliyyatların 10 günlük xülasəsini paylaşıb.
Məlumata görə, əməliyyatın ilk 10 günündə 5 mindən çox hədəf vurulub, İrana məxsus 50 dəniz vasitəsinə zərər dəyib və ya məhv edilib. Hücumların əsas məqsədi İran rəhbərliyinin təhlükəsizlik infrastrukturunu zəiflətməkdir.
Vurulan hədəflər arasında aşağıdakılar yer alıb:
- Komanda və idarəetmə mərkəzləri;
- İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus qərargah binaları;
- Hava hücumundan müdafiə sistemləri və ballistik raket meydançaları;
- Donanmaya məxsus gəmilər və sualtı qayıqlar;
- PUA istehsalı müəssisələri.
Əməliyyatda ABŞ ordusunun ən güclü arsenalından, o cümlədən B-1, B-2 və B-52 bombardmançılarından, F-22 və F-35 qırıcılarından, həmçinin Patriot və THAAD müdafiə sistemlərindən istifadə edilib. Nüvə enerjisi ilə işləyən təyyarə gəmiləri, HIMARS raket sistemləri və elektron müharibə təyyarələrinin də tapşırıqlarda aktiv iştirak etdiyi bildirilib.

