Tehranda silsilə partlayışlar: İsrail və ABŞ-dan İrana zərbə
Bu gün İranın paytaxtı Tehranda silsilə güclü partlayışlar baş verib.
AFN.az İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, şəhərin üzərini qatı tüstü dumanı bürüyüb. İlkin məlumatlar partlayışların paytaxtın mərkəzi hissələrində, o cümlədən Universitet və Cümhuriyyət küçələri yaxınlığında, həmçinin şəhərin şimalındakı Seyid Xəndan rayonunda qeydə alındığını göstərir.
İsrail Müdafiə Nazirliyi hadisədən dərhal sonra bəyanat yayaraq, İrana qarşı "önləyici zərbə" (preemptive strike) endirildiyini təsdiqləyib. İsrailin müdafiə naziri İrael Katz bildirib ki, bu əməliyyat İsrail dövlətinə qarşı real təhdidləri aradan qaldırmaq məqsədi daşıyır. Eyni zamanda, ABŞ rəsmiləri əməliyyatın İsrail ilə koordinasiyalı şəkildə həyata keçirildiyini və Amerika hərbi hava qüvvələrinin də zərbələrdə iştirak etdiyini bildiriblər.
İran dövlət televiziyası partlayışları təsdiqləsə də, onların səbəbləri və tələfat barədə hələlik rəsmi məlumat verməyib. "Nour News" agentliyi şahidlərin bir neçə raket zərbəsi gördüyünü xəbər verib. Bəzi mənbələr zərbələrin İranın dini lideri Ayətullah Əli Xameneinin ofisi yaxınlığındakı ərazilərə düşdüyünü iddia edir. Məlumata görə, İran lideri artıq təhlükəsiz yerə təxliyə edilib.
Bu hərbi gərginlik Cenevrədə İran və ABŞ arasında nüvə proqramı üzrə aparılan danışıqların üçüncü raundu fonunda baş verir. Donald Tramp administrasiyası daha əvvəl İranın uranı zənginləşdirmə proqramını tamamilə dayandırmayacağı təqdirdə hərbi güc tətbiq edilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Hazırda İran hava məkanını bağlayıb, İsraildə isə mümkün cavab zərbələri ehtimalı ilə əlaqədar ölkə boyu fövqəladə vəziyyət elan edilib.
