Britaniyalı aktrisa Elizabet Kelli 104 yaşında vəfat edib
Britaniyanın məşhur televiziya aktrisası Elizabet Kelli 104 yaşında vəfat edib.
AFN.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb. Aktrisanın 2025-ci il dekabrın 25-də (bəzi mənbələrə görə 31-də) dünyasını dəyişdiyi, lakin bu barədə rəsmi məlumatın fevralın əvvəlində ictimaiyyətə açıqlandığı bildirilir.
Elizabet Kelli Böyük Britaniyada çox populyar olan "İst-End sakinləri" (EastEnders) serialındakı Nelli Ellis və "Koronasiya küçəsi" (Coronation Street) serialındakı Edi Börcess rolları ilə tanınırdı. 40 ildən artıq davam edən karyerası ərzində o, "Emmerdale", "The Bill" və "Heartbeat" kimi onlarla televiziya layihəsində iştirak edib. Aktrisa peşəkar fəaliyyətini 2007-ci ildə "Kral xəstəxanası" (The Royal) serialındakı rolu ilə başa vurub.
Yaxınlarının və onu son illər ziyarət edən din xadimlərinin sözlərinə görə, Kelli ömrünün son illərini Şimali Yorkşirdəki qocalar evlərində keçirib və qocalıq səbəbindən dinc şəkildə dünyasını dəyişib. Aktrisanın dəfn mərasimi fevralın 17-də Skarboro şəhərindəki Müqəddəs Pyotr kilsəsində keçiriləcək. Onun bir qızı, bir oğlu, çoxsaylı nəvə və nəticələri qalıb.



