Rəsul Çunayevə vəzifə verildi


Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, Universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə yeni vəzifə verilib.

AFN.az xəbər verir ki, 35 yaşlı veteran idmançı Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

Rəsul Çunayev bu barədə açıqlamasında bildirib ki, yanvarın 26-dan etibarən federasiyada fəaliyyətə başlayıb.

Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı və beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri vicdanla yerinə yetirəcəyəm”, – deyə o qeyd edib.

Veteran güləşçi yeni vəzifəsinin mahiyyətinə də toxunub:

İşim ölkə üzrə uşaq və yeniyetmə güləşinin inkişafını əhatə edəcək. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əməkdaşlıq qurmaq, güləş klublarının fəaliyyətinə əməli dəstək göstərmək üçün konkret addımlar atacağam”, – deyə Çunayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası daha əvvəl də idman karyerasını başa vuran tanınmış güləşçilərə müxtəlif vəzifələr həvalə edib.

Belə ki, Mariya Stadnik qadın güləşi, Hacı Əliyev sərbəst güləş, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu