NASA ilk dəfə Bennu asteroidində qlükoza izləri aşkarlayıb
NASA Bennu asteroidindən götürülmüş ilk kosmik nümunələrdə canlıların enerji mənbəyi olan qlükoza və genetik şifrə üçün vacib olan riboz şəkərlərini aşkar edib. Bu kəşf həyatın əsas komponentlərinin kosmosda geniş yayıldığını göstərərək digər planetlərdə həyat axtarışına ümidləri artırıb.
Alimlər Bennu asteroidindən gətirilmiş və heç vaxt Yer atmosferinə məruz qalmamış təmiz daş tozlarını analiz ediblər. Nəticələr heyrətamiz olub, həyatın başlanması üçün vacib kimyəvi maddələrdən olan şəkərlər aşkar edilib.
Genetik məlumatı daşıyan və ilkin həyatın əsasını təşkil etdiyi düşünülən RNA molekulunun strukturunda olan riboz ilə yanaşı, qlükoza da ilk dəfə bir asteroiddə müəyyən edilib. NASA mütəxəssisləri hesab edir ki, bu cür həyat üçün vacib maddələr erkən Günəş sisteminin hər yerində mövcud olub. Bu isə Mars və ya Yupiterin buzlu peyklərində belə həyatın ilk toxumlarının ola biləcəyini göstərir.
Asteroid yalnız şəkərlərlə deyil, digər sirli tapıntılarla da gəlib. Alimlər daha əvvəl heç bir kosmik daşda müşahidə edilməmiş “kosmik saqqız” adlandırdıqları qeyri-adi polimer tipli maddə aşkarlayıblar. Bu maddənin Yer üzündə həyatın yaranmasına zəmin hazırlayan çox qədim bir kimyəvi maddə ola biləcəyi düşünülür. Həmçinin Bennu-nun digər asteroidlərdən altı dəfə daha çox ölü ulduz tozu ehtiva etdiyi məlum olub.
Alimlərin sözlərinə görə, bu kiçik asteroid nümunələri kainatın ən böyük sirlərini açmaq yolunda bələdçi rolunu oynayır.

