AP xarici onlayn ticarət platformalarının fəaliyyətini dayandıran qətnamə qəbul edib
Avropa Parlamenti (AP) Avropa İttifaqı qanunvericiliyini pozan xarici onlayn ticarət platformalarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qətnamə qəbul edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, sənəd Strasburqda keçirilən plenar iclasda təsdiqlənib. Qətnamə Aİ istehlakçılarına qanunsuz və təhlükəsizliyi təmin olunmamış məhsulların satılması problemini hədəfləyir. Bu cür məhsullar əsasən "Shein", "Temu", "AliExpress" və "Wish" kimi Aİ-dən kənarda yerləşən platformalar vasitəsilə təklif olunur.
Deputatlar vurğulayırlar ki, onlayn platformaların fəaliyyəti Aİ qanunlarını dəfələrlə, ciddi və ya sistemli şəkildə pozduqları halda müvəqqəti dayandırılmalıdır. Sənəddə Fransanın "Shein" platformasını bloklamaq cəhdinə də istinad edilərək, belə bloklamaların artıq “istisna tədbir” sayılmamalı olduğu qeyd edilir.
Avroparlament üzvləri həmçinin Aİ Komissiyasını gömrük orqanlarına və bazar nəzarəti qurumlarına daha geniş maliyyə və əməliyyat dəstəyi göstərməyə çağırırlar. Satıcılar tərəfindən göndərilən bağlamaların emalı üçün vahid Aİ rüsumunun tətbiqi də təklif olunub.
Qətnamədə onlayn platformaların məsuliyyətini artıracaq yeni tənzimləmə və öhdəliklərin hazırlanması, hüquqi boşluqların aradan qaldırılması və Aİ bazarına uyğun olmayan məhsullara görə bu platformaların cavabdehliyinin gücləndirilməsi də tövsiyə olunur.
Xatırladaq ki, 5 noyabrda Fransa hökuməti Shein platformasının fəaliyyətinin dayandırılması proseduruna start verib. Buna səbəb sayt vasitəsilə yetkinlik yaşına çatmayanlara bənzər seks-qalıpların satılması qalmaqalı olub. Shein 3 noyabrda həmin məhsulu və digər oxşar malları satışdan çıxarıb və məhdudiyyətlərin pozulmasının qarşısını almaq üçün əlavə nəzarət mexanizmi tətbiq etdiyini açıqlayıb. Platformanın Fransada müvəqqəti bloklanması ilə bağlı məhkəmə qərarı 5 dekabrda elan ediləcək.



