Semeru vulkanında köməksiz qalan 178 alpinist xilas edilib
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında püskürmə nəticəsində köməksiz qalan 178 alpinist xilas edilib.
Semeru vulkanındakı püskürmədən sonra ən yüksək səviyyədə xəbərdarlıq davam edir.
Antara News xəbər agentliyinə görə, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyindən (BASARNAS) verilən açıqlamada vulkan püskürməsindən sonra dünən dağ yolunda 178 nəfərin köməksiz qaldığı bildirilib.
Açıqlamada 178 alpinistin tapıldığı və vulkanın 2 400 metr yüksəklikdəki krater gölü Ranu Kumbolo bölgəsindən aşağı enmələrinə kömək ediləcəyi qeyd olunub.
Digər tərəfdən, İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB) Lumajang bölgəsində 300 nəfərin təxliyə edildiyini açıqlayıb.
Rəsmilər Semeru vulkanının fəaliyyətinin dünən yerli vaxtla 18:11-də dayandığını, lakin xəbərdarlıq vəziyyətinin davam edəcəyini bildiriblər.
Qeyd edək ki, Yava adasının şərqində, Lumajang və Malang bölgələrinin sərhədində yerləşən Semeru vulkanında dünən yerli vaxtla 06:11-də püskürmə baş vermiş və kül 800 metr hündürlüyə qalxmışdı.
Bromo Tengger Semeru Milli Parkının bir hissəsini təşkil edən Semeru vulkanı Yava adasında ən aktiv vulkanlardan biri kimi tanınır.

