Avstraliyada yeni arı növü kəşf edilib
Avstraliyalı alimlər başında kiçik buynuzlar olan yeni bir arı növü kəşf ediblər. Tədqiqatçılar bu diqqətçəkən xüsusiyyətinə görə növə “Lucifer” adını veriblər.
Curtin Universitetindən Dr. Kit Prenderqastın rəhbərlik etdiyi komanda Megachile Lucifer adlı arını Qərbi Avstraliyanın Qoldfilds bölgəsində yerləşən Bremer Dağ silsiləsində yalnız həmin ərazidə yetişən nadir bir yabanı çiçəyi araşdırarkən tapıb.
Pört şəhərindən 470 kilometr şərqdə yerləşən bu bölgədə aparılan müşahidələr zamanı dişi arıların başında şeytan buynuzuna bənzər çıxıntılar aşkar edilib.
Tədqiqatçılar bu buynuzların müdafiə məqsədilə və ya polen, nektar və ya yuva qurmaq üçün istifadə olunan qatran kimi maddələri toplamaqda rol oynaya biləcəyini düşünürlər. Dr. Prenderqast növə “Lucifer” adını Netflix-də eyni adlı seriala baxarkən tapdığını, həmçinin həmin serialın baş obrazının pərəstişkarı olduğunu bildirib.
“Dişi arının üzündə inanılmaz dərəcədə kiçik buynuzlar vardı. Növü təsvir edərkən Lucifer serialına baxırdım və ad tam uyğun gəldi” – deyə Prenderqast bildirib və əlavə edib ki, bu qrupda son 20 ildə kəşf edilən ilk yeni növü müəyyənləşdiriblər.
Latınca “işıq gətirən” mənasını verən Lucifer adının yerli arı növlərinin qorunması və nadir bitkilərin tozlanma proseslərinin daha yaxşı anlaşılması zərurətinə diqqət çəkmək baxımından simvolik əhəmiyyət daşıdığı vurğulanıb.
Araşdırma Journal of Hymenoptera Research jurnalında dərc olunub. Alimlər arının və nadir çiçəyin tapıldığı bölgənin rəsmi şəkildə qoruma zonası elan edilməsinə çağırış ediblər.
“Yeni növ nəsli kəsilmək təhlükəsində olan yabanı çiçəklə eyni kiçik ərazidə tapıldığı üçün hər ikisi yaşayış mühitinin pozulması və iqlim dəyişikliyi kimi təhdidlərə qarşı həssasdır” – deyə Prenderqast bildirib və əlavə edib ki, mədənçilik fəaliyyətlərinin ekoloji təsir qiymətləndirmələrində adətən yerli arıların nəzərə alınmadığını qeyd edib.
Mütəxəssislər bildiriblər ki, hələ də tanınmamış yerli arı növləri yox olma riski ilə üz-üzədir və bu səbəbdən onların bitkilərlə qarşılıqlı əlaqəsinin öyrənilməsi həm ekosistem, həm də tozlanma balansı baxımından həyati əhəmiyyət daşıyır.



