Microsoft, Meta və Alphabet maliyyə hesabatlarını açıqladı


ABŞ-ın texnologiya şirkətlərindən Microsoft, MetaAlphabet-in gəlirləri iyul–sentyabr dövründə artım göstərib.

Maliyyə təqvimində 30 sentyabrda başa çatan 3 aylıq dövrü 2026-cı maliyyə ilinin birinci rübü kimi qəbul edən Microsoft açıqladığı hesabata görə, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirini 18 faiz artıraraq 77,7 milyard dollara çatdırıb. Şirkət ötən ilin eyni dövründə 65,6 milyard dollar gəlir əldə etmişdi.

Microsoft-un xalis mənfəəti də eyni dövrdə 12 faiz artaraq 27,7 milyard dollara yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 24,7 milyard dollar idi.

Şirkətin hər səhm üzrə gəliri bu dövrdə 3,30 dollardan 3,72 dollara qalxıb.

Meta

Facebook, InstagramWhatsApp-ın sahibi olan Meta 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 51,2 milyard dollara yüksəlib. Meta keçən ilin eyni rübündə 40,6 milyard dollar gəlir əldə etmişdi.

Lakin şirkətin xalis mənfəəti bu ilin üçüncü rübündə 83 faiz azalaraq 2,7 milyard dollara düşüb. Ötən ilin eyni dövründə Meta-nın mənfəəti 15,7 milyard dollar olmuşdu.

Şirkətin bir səhm üzrə gəliri ötən ilin üçüncü rübündə 6,03 dollar idisə, bu il həmin göstərici 1,05 dollara enib.

Meta bu ilin dördüncü rübündə 56 milyard – 59 milyard dollar aralığında gəlir gözlədiyini bildirib.

Alphabet

Alphabet də 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını təqdim edib.

Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 102,3 milyard dollara yüksəlib. Alphabet 2024-cü ilin üçüncü rübündə 88,3 milyard dollar gəlir əldə etmişdi.

Xalis mənfəət isə ötən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 35 milyard dollara çatıb. Keçən ilin müvafiq dövründə bu göstərici 26,3 milyard dollar idi.

Şirkətin bir səhm üzrə gəliri də ötən ilin üçüncü rübündəki 2,12 dollardan bu il 2,87 dollara qalxıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu