Gmail istifadəçilərinə təcili xəbərdarlıq: 183 milyon parol sızdırılıb
Gmail istifadəçilərinə təxminən 183 milyon e-poçt hesabını əhatə edən böyük bir məlumat pozuntusu barədə xəbərdarlıq edilib.
Sızdırılan məlumatlar arasında təkcə e-poçt ünvanları deyil, həmin hesablarla əlaqəli parollar da yer alır.
Mütəxəssislərin fikrincə, bu vəziyyət kibercinayətkarların yalnız Gmail hesablarına deyil, eyni e-poçt ünvanları ilə bağlı digər platformalara da daxil olmasına imkan yarada bilər.
Apreldə baş verən hücum indi aşkarlandı
Məlumat sızmasının 2025-ci ilin aprelində baş verdiyi, lakin hadisənin yalnız bu yaxınlarda Have I Been Pvned adlı məlumat pozuntularını izləyən sayt tərəfindən aşkarlandığı bildirilib.
Saytın rəhbəri, kibertəhlükəsizlik üzrə mütəxəssis Troy Hant sızan məlumatların internetdəki müxtəlif mənbələrdən toplanaraq birləşdirildiyini açıqlayıb.
Have I Been Pvned platforması bu günə qədər 917 fərqli məlumat pozuntusunu və 15 milyarddan çox hesab məlumatını izləyib.
İstifadəçilər e-poçt ünvanlarının və ya parollarının bu hücumda yer alıb-almadığını həmin sayt vasitəsilə yoxlaya bilirlər.
Hesabınız təhlükədədirsə nə etməli?
Mütəxəssislər Gmail istifadəçilərinə hesab təhlükəsizliyini qorumaq üçün bir neçə sadə addım atmağı tövsiyə edir:
– Parolu dərhal dəyişmək
– İki mərhələli identifikasiya (2FA) funksiyasını aktivləşdirmək
Google iki mərhələli identifikasiya sistemində hesabları qorumaq üçün müxtəlif təhlükəsizlik addımları tətbiq edir.
Bu sayədə parolu ələ keçirilmiş hesaba tək başına giriş mümkün olmur.
Kibertəhlükəsizlik mütəxəssisləri həmçinin bildirirlər ki, bu tip hücumlar son dövrlərdə süni intellekt dəstəkli məlumat oğurluqları səbəbindən artmaqdadır.



