Aya insanlı missiyanın tarixi bəlli oldu


ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Artemis II missiyası ilə 2026-cı ilin əvvəlində astronavtları Ay orbitinə göndərməyə hazırlaşır. Bu, yarım əsrdən uzun müddətdir Ay ətrafında həyata keçiriləcək ilk insanlı uçuş olacaq.

NASA rəsmiləri bildiriblər ki, gecikmələrə baxmayaraq, Artemis II missiyası ən gec 2026-cı ilin aprelində, hətta ehtimal ki, fevralında buraxıla bilər.

Agentliyin yüksək səviyyəli rəhbərlərindən Lakiyşa Houkins deyib ki, bu öhdəliyimizi yerinə yetirmək istəyirik.

Missiyada iştirak edəcək astronavtlar:

  • Kristina Hammok Koç (NASA)
  • Reyd Vaysmen (NASA, missiya komandiri)
  • Viktor Qlover (NASA)
  • Ceremi Hansen (Kanada Kosmos Agentliyi)

Heyət Ay ətrafında dövr edəcək, amma səthə enməyəcək. Aya eniş Artemis III missiyası ilə həyata keçiriləcək.

Artemis proqramı ABŞ-ın Aya dönüşünü sürətləndirməyi hədəfləyir. Çin isə 2030-cu ilə qədər ilk insanlı Ay missiyasını planlaşdırır. Vaşinqton administrasiyası bu rəqabəti “ikinci kosmik yarış” adlandırır.

ABŞ Prezidenti Donald Tramp ilk dönəmində başladığı Artemis proqramını sürətləndirməsi üçün NASA-ya təzyiq göstərir. Tramp administrasiyası həm Aya dönüşü, həm də Marsa insanlı səyahəti hədəfləyir.

NASA və Tramp administrasiyası uzun müddətdə Ay səthində daimi bazalar qurmağı və buranı Marsa səfər üçün sıçrayış nöqtəsi etməyi planlaşdırır. Houkins bildirib ki, Aya dönmək istəyimiz var, amma NASA-nın prioriteti təhlükəsiz şəkildə dönməkdir.

Əgər Artemis II uğurla tamamlanarsa, insanlıq 1972-ci ildəki Apollo 17-dən bəri ilk dəfə Ay orbitinə astronavt göndərmiş olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu