Deputat Əli Abbasovun adı Şərurda bıçaqlanmada hallanır


Naxçıvan MR Ali Məclisinin Şərurdan olan deputatı Əli Abbasov rayonunun Şəhriyar kənd sakinini döyüb.



AFN.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb. Bildirilir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, deputatın kənddə qeyri-etik hərəkətlər etməsi sonda qeyd edilən hadisənin yaşanmasına səbəb olub.



Sakinlərin bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş: “Onun son gəlişində isə məlum mübahisə baş verib. Mübahisə zamanı deputat sakini yumruqla vurub. B.B. həm deputatın etdiklərinin, həm də döyülməsinin qisasını almaq üçün bıçaq götürüb, onun yaşadığı Siyaqut kəndinə gəlib. Burada Əli Abbasovu bıçaqlamaq istəyərkən, sonuncunun əmisi oğlu qabağa keçib və bıçaq ona dəyib. Yaralanan şəxs xəstəxanaya götürülüb, B.B. isə həbs olunub.”



Hadisənin şahidlərindən biri bildirib ki, Şəhriyarda baş verən davadan sonra Əli Abbasov özünün yaşadığı Siyaqut kəndinə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib: "Deyib ki, məni öldürməyə gələcəklər, kömək edin. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmisi oğlu araya girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır.”



Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləyiblər.



AFN-nin əldə etdiyi məlumata görə, təxminən 10 gün bundan öncə baş verən hadisə zamanı döyülən və sonradan deputat Əli Abbasovun qohumuna xəsarət yetirən şəxs həyat yoldaşına qarşı olan davranışdan hiddətlənib.



Belə ki, Əli Abbasov kənd sakininin müəllimə olan həyat yoldaşına sataşıb. Hadisədən xəbər tutan B.B. Əli Abbasovla mübahisə edib və sonuncu tərəfindən döyülüb. Daha sonra deputatın yaşadığı Siyaqut kəndinə yollanan B.B, orada da Əli Abbasovun qohumları tərəfindən döyülüb. Sonra özü ilə apardığı bıçaqla deputatın qohumuna xəsarət yetirib.



Qeyd edək ki, Əli Abbasov deputat olana qədər Şərurun Yengicə kənd orta məktəbində direktor vəzifəsində və Şəhriyar kəndində müəllim işləyib.



Ə.Abbasov AFN.az-a açıqlamasında məlumatı təkzib etdi: "Deyilənlərin hamısı yalandır. Mən şərə-böhtana məruz qalmışam, araşdırma aparılır. İnşallah, tezliklə araşdırma prosesi başa çatar və mənim həqiqi mənada günahsız olduğum sübut olunar".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu