Bulvar İdarəsində 12 milyonluq mənimsəmə işi məhkəmədə

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İbtidai istintaqla müəyyən edilib ki, İlqar Mustafayev “Dənizkənarı Bulvar İdarəsi”nin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək, rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Onlar qurumun ərazisindəki qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və kommersiya fəaliyyəti üzrə ümumilikdə 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.
İlqar Mustafayev eyni zamanda 1,8 milyon manatdan artıq vergidən yayınmaqda və 10 milyon manatdan çox vəsaiti qohumlarının adına əqdlər bağlamaqla leqallaşdırmaqda şübhəli bilinir.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə CM-nin 179.4, 193-1.3.2, 213.3, 308.2 və 313-cü maddələri ilə, Rəşad Bədəlov və Fuad Babayevə isə 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib. İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digər iştirakçılarla bağlı ibtidai istintaq davam edir.