Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır


Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev korrupsiya cinayətinə görə həbs edilib. Ötən gün onun 2 milyon manatdan bir qədər artıq mənimsəmədə ittiham olunduğu barədə də məlumat vermişdik.


“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, sözügedən yeyinti məbləği istintaqın ilkin araşdırmasının nəticəsidir. İ.Mustafayevin qanunsuz əməlləri nəticəsində dövlətə dəymiş ziyanın həcmi daha çoxdur.

Bununla bağlı istintaq orqanı artıq yeni dəlil və sübutlar aşkar edib. Hazırda həmin materiallar tədqiq olunur. Ehtimal odur ki, ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə yenidən ittiham elan ediləcək. Bundan sonra dövlətə dəymiş ziyanın dəqiq məbləği də aydın olacaq.

Bulvar büdcəsində olan pullar necə mənimsənilib?

Əldə etdiyimiz başqa məlumata əsasən, İlqar Mustafayevin cinayət işindəki çoxsaylı epizodlardan biri bulvar ərazisində parkinqlərin quraşdırılması ilə bağlıdır. Bu epizodda dövlətin qanunla qorunan mənafeyinə xələl gətirən hərəkətlərlə külli miqdarda vəsait kənarlaşdırılıb.

Digər bir epizodda isə təmir-quraşdırma işləri adı altında mənimsənilər pullardan söhbət gedir.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama aparıb. Nəticədə qanun pozuntusu ilə müşayiət edilən xüsusilə külli miqdarda pul vəsaitinin bilinməyən yerlərə sərf edildiyi üzə çıxıb. Məhz bundan sonra Baş Prokurorluğa müraciət edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu