Bred Pittin yeni filmi rekord qırdı

Bred Pittin baş rolda çıxış etdiyi yeni yarış filmi ilk həftəsində kassalarda zirvəyə yüksələrək Apple Studios-un indiyə qədərki ən böyük açılışına imza atıb. 200 milyon dollarlıq büdcəyə sahib filmdə 61 yaşlı aktyor təcrübəli pilot Sonny Hayes rolunu canlandırır.
Warner Bros tərəfdaşlığı ilə yayımlanan "F1: The Movie" (F1 Filmi) Şimali Amerikada 3 600-dən çox zalda nümayiş olunub. Film yalnız cümə günü və öncədən keçirilən seanslardan 25 milyon dollar gəlir əldə edib. Bu məbləğə cümə axşamından əvvəl keçirilən xüsusi nümayişlərdən gələn 2,8 milyon dollar da daxildir. IMAX salonlarında da göstərilən bu film Apple TV+ üçün çəkilən böyük büdcəli işlər arasında kinoteatrlarda nadir hallarda nümayiş olunan ən uğurlu film kimi tarixə düşüb.
Qlobal miqyasda "F1 Filmi"nin ümumi açılış gəlirinin 140 milyon dollara çatacağı proqnozlaşdırılır. Bu da Apple-ın kino sahəsində indiyədək əldə etdiyi ən böyük uğurdur. Film Bred Pittin 2013-cü ildəki "Dünya Müharibəsi Z" (World War Z) filmindəki 112 milyon dollarlıq açılış nəticəsini də geridə qoyaraq aktyorun karyerasında yeni bir zirvəyə çevrilib.
Həm kinosevərlər, həm də tənqidçilər filmi təriflə qarşılayıb. Müsbət rəylər prodüser Cerri Brukhaymer və rejissor Cozef Kosinskinin, "Top Gun: Maverick" filmindən sonra yeni bir kassahitə imza atdığını göstərir.
Amerikan idman dramı olan bu filmdə Pitt 30 ildən sonra Formula 1-ə qayıdan bir yarış pilotunu canlandırır. Əsas süjet xətti keçmiş komanda yoldaşının uğursuz komandasını xilas etməyə çalışan qəhrəmanın ətrafında cərəyan edir. Filmdə gerçək Formula 1 pilotları da iştirak edir. Yarışların idarə heyəti FIA ilə əməkdaşlıqla hazırlanan filmdə Lyuis Hamilton həm aktyor, həm də prodüser kimi yer alır.
Filmin aktyor heyətinə Damson İdris, Kerri Kondon, Tobias Menzies və Xavyer Bardem kimi tanınmış simalar daxildir.
Digər tərəfdən, həftənin başqa bir yeni filmi olan "Megan 2.0" (M3GAN 2.0) gözləntilərin altında qalaraq ilk həftəsində yalnız 4-cü yerə yüksələ bilib. Siyahının üst sıralarında isə keçən həftələrdə vizyona girən "Əjdahanı Necə Əhliləşdirmək olar" (How to Train Your Dragon) və "Elio" kimi filmlər yer almağa davam edir.