Anar Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Mədəniyyət Nazirliyini tənqid edib. Xalq Yazıçısı bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Bununla bağlı sədr dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırıb, amma:
"Məktub yazmışam, nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev-muzeyinə gedib yerində baxmışam. Bu, Mədəniyyət Nazirliyinin işidir. Bu vəziyyət mənə də xoş deyil".
Anar bu məsələnin həllində yerli bələdiyyələr, icra hakimiyyətlərinin də təşəbbüs göstərə biləcəklərini vurğulayıb.
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinə aprel ayında gələn sel nəticəsində ziyan dəyib:
"Bura iki dəfə sel gəldi. Biri neçə il əvvəl. İkincisi isə aprel ayında gəldi, hər ikisində muzey böyük zərər gördü. Təkcə zərər görən bu muzey olmayıb, rayon üzrə inzibati binaların da sayı çoxdur. Biz bununla bağlı Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə kimi yazılı məlumat verdik. Gəlib baxdılar və qiymətləndirmə aparıldı. Biz prosesin necə tənzimləşəcəyini bilmirik, ev-muzeyi balans, inventarlaşma olaraq Mədəniyyət Nazirliyinin tabeliyindədir. Burada əsaslı iş görülməlidir və eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən aparılmalıdır. Biz üzərimizə düşən işi etmişik".
Ceyhun İsgəndərov Cəfər Cabbarlının ev-muzeyinin sellə bir əlaqəsi olmadığını diqqətə çatdırıb:
"Nazirin özü də muzeydə olub. Həmin vaxt təmir məsələsi gündəmə gəldi. Hətta müəyyən qədər təmir işləri aparılıb. Mütəxəssislər baxıb rəy verməlidir ki, muzeyin əsaslı təmirə ehtiyacı var, yoxsa sökülüb yenidən tikilməlidir. Bunu biz deyə bilmərik, son qərar mütəxəssislərindir".
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə də sorğu göndərmişik. Hələlik nazirliyin məsələyə münasibəti redaksiyaya təqdim olunmayıb.