Tramp Fordo nüvə obyektini vurmağa meyllidir - KİV

ABŞ prezidenti Donald Tramp İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinin məhv edilməsinin zəruri olduğuna inanır və onu vurmağa meyllidir.
AFN.az xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı məlumat yayıb.
Bildirilir ki, köməkçilər Amerika liderini Fordo nüvə obyektinin potensial bombalanması ilə bağlı “risklər və faydalar” barədə məlumatlandırıblar. Tramp hesab edir ki, Fordo obyektini sıradan çıxarmaq, nisbətən qısa müddətdə orada silah yaratmaq riskinə görə zəruridir. "O, seçimin məhdud olduğuna inanır. İşi başa çatdırmaq Fordoda obyekti məhv etmək deməkdir", - deyə mənbələrdən biri qeyd edib.
Tramp bundan əvvəl bildirib ki, bu obyektə zərbə endirmə ehtimalı ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Media qiymətləndirmələrinə görə, yalnız ABŞ-ın belə bir superağır bombası mövcuddur ki, onun vasitəsilə Fordodakı nüvə obyektini məhv etmək mümkündür. Bu obyekt dağlıq ərazidə, təxminən 90 metr dərinlikdə yerləşir.